...

"TNK-bp"nin keçmiş rəhbəri oktyabrın 1-dən Heyvordu bp-nin rəhbəri postunda əvəz edəcək – şirkət (YENİLƏNİB)

Energetika Materials 27 İyul 2010 14:17 (UTC +04:00)
bp şirkəti, Direktorlar Şurasının qarşılıqlı razılaşması əsasında, Toni Heyvordun baş icraçı direktor vəzifəsindən getdiyini elan edib. 2010-cu il oktyabrın 1-dən başlayaraq onu Robert Dadli əvəz edəcək. Bu barədə bp-nin məlumatında deyilir.
"TNK-bp"nin keçmiş rəhbəri oktyabrın 1-dən Heyvordu bp-nin rəhbəri postunda əvəz edəcək – şirkət (YENİLƏNİB)

RED. əlavəsi: bp-nin Azərbaycandakı fəaliyyəti ilə bağlı məlumat əlavə olunub

bp şirkəti, Direktorlar Şurasının qarşılıqlı razılaşması əsasında, Toni Heyvordun baş icraçı direktor vəzifəsindən getdiyini elan edib. 2010-cu il oktyabrın 1-dən başlayaraq onu Robert Dadli əvəz edəcək. Bu barədə bp-nin məlumatında deyilir.

Heyvord 2010-cu il noyabrın 30-dək vəzifədə qalacaq. bp, həmçinin, onu TNK-bp-nin icraçı direktoru təyin etməyi planlaşdırır.

Hazırda Robert Dadli Meksika körfəzində baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üzrə cavabdehdir. Bu insidentə qədər o, bp-nin Asiya və Amerikadakı qruplarının fəaliyyətinə nəzarət edirdi. Daha əvvəl isə o, TNK-bp-yə rəhbərlik edib.

"Mən yaxın aylarda hamar keçidi təmin etmək üçün Bob Dadli ilə sıx əlaqədə işləyəcəyəm. 30 il ərzində bp-də xidmət etmək və son üç il ərzində onun fəaliyyətinə rəhbərlik etmək böyük şərəfdir. Bu illər ərzində bu nəhəng şirkətin bir çox uğurlarına nail olmasına kömək edən bu qədər gözəl həmkarları və dostları tərk etmək mənim üçün kədərlidir. Təəssüflənirəm ki, Meksika körfəzindəki faciə nailiyyətlərin üzərinə kölgə saldı", - Heyvord bildirib.

Dadlinin ABŞ-dakı indiki öhdəlikləri "bp-America" şirkətinin sədri və prezidenti Lamar Makkeyə verilib.

bp şirkəti Azərbaycanda böyük energetika layihələrinin həyata keçirilməsində iştirak edir. Həmçinin, bp "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlar blokunun, eləcə də Xəzər dənizinin Azərbaycan sektorunda böyük "Şahdəniz" qaz kondensatı yatağının işlənib-hazırlanması, eləcə də Xəzərin statusu məsələsinin həll edilməməsi üzündən dayandırılan "Araz-Alov-Şərq" perspektiv strukturunun kəşfiyyatı və işlənməsinin operatorudur.

Hazırda bpARDNŞ (Azərbaycan Dövlət Neft Şirkəti) "Asiman" və "Şəfəq" perspektivli strukturlarının kəşfiyyatı və işlənməsi üzrə müqavilənin bağlanması imkanları üzrə danışıqlar aparırlar. Bu layihə üzrə əsas kommersiya prinsipləri barədə memorandum artıq imzalanıb.

"Heyvord şirkətdə 28 il çalışıb, bu müddətin son üç ilini bp-nin icraçı direktoru postunda çalışıb", - "RİA-Novosti" yazır.

1982-ci ildə o, bp-nin neft geoloqu olub, daha sonra Britaniya, Şotlandiya, FransaÇində "bp-Exploration"da çalışıb. 1990-cı ildə Heyvord şirkətin icraçı direktoru Con Braunun assistenti olub. 1992-ci ildə Kolumbiyada kəşfiyyat işləri üzrə menecer, 1995-ci ildə bp-nin Venesuelada əməliyyat üzrə prezidenti olub. 1997-ci ilin avqustunda "bp-Exploration"un direktoru kimi Londona qayıdıb. 1999-cu ildə bp-nin Amerikadakı "törəmə" şirkətinin vitse-prezidenti, eləcə də şirkətin kəşfiyyat və hasilat üzrə komitəsinin üzvü olub. 2000-ci ilin sentyabrında bp-nin maliyyə direktoru, 2002-ci ilin aprelində icraçı vitse-prezidenti, 2003-cü ilin yanvarında kəşfiyyat və hasilat üzrə icraçı direktoru olub.

2007-ci il mayın 1-dən Heyvord bp-nin baş direktoru postunu tutub. Həmin zaman o, Rusiya-Britaniya "TNK-bp" şirkətinin rəhbəri postu uğrunda rəqabət mübarizəsində Robert Dadliyə qalib gəlib.

Heyvordun illik maaşı 1 milyon funt təşkil edir. 2008-ci ildə bonus 1,5 milyon funt, 2009-cu ildə 2,1 milyon funt təşkil edib.

"The Sunday Telegraph" qəzetinin məlumatına görə, kompensasiya paketinin detalları bazar günü müzakirə olunacaq. Qəzet yazır ki, Heyvord illik əmək haqqının müqabilində, ən azı, 1,6 milyon dollar alacaq. Bundan başqa, 53 yaşlı menecer bp-də çalışdığı illərdə 16,6 milyon dollar həcmində xeyli pensiya toplaya bilib. Heyvordun 60 yaşı tamam olanda ildə 900 min dollar pensiya ala biləcək.

Amerikalı Pobert Dadli 2003-2008-ci illərdə Rusiya-Britaniya "TNK-bp" neft şirkətinə rəhbərlik edib.

Açıq şəkildə 2008-ci ilin bütün yayı ərzində davam edən "TNK-bp" şirkətinin rusiyalı və britaniyalı səhmdarları arasında münaqişə 2008-ci ilin sentyabrında "Alfa/Aksess/Renova" konsorsiumu ilə bp arasında qarşılıqlı anlaşma haqda memorandumun imzalanması ilə başa çatıb və orada əsas mübahisəli məsələ olan şirkətin fəaliyyətdə olan başçısı Robert Dadlinin ilin sonunadək istefaya getməsi öz əksini tapıb.

Dadlinin Rusiyanı hələ iyul ayında tərk etməsinə baxmayaraq, 2008-ci il dekabrın 1-dən formal olaraq istefaya gedib. Bu, "TNK-bp" səhmdarları arasındakı sentyabr barışığının şərtlərindən biri idi. Onun istefasını rusiyalı səhmdarlar israr edirdilər və onlar Dadlini şirkəti yalnız britaniyalı səhmdarların maraqlarına uyğun idarə etdiyini iddia edirdilər.

2009-cu ilin fevralında "bp Group"un idarəedici direktoru kimi bp-nin Direktorlar Şurasına daxil olur, şirkətin Şimali və Cənubi Amerikada, Asiyadakı fəaliyyətinə görə cavab verir.

2010-cu ilin iyununda Meksika körfəzindəki "Deepwater Horizon" platformasında apreldə baş vermiş qəzadan sonra, Dadli körfəzə neft sızmasının nəticələri ilə mübarizə üzrə yeni yarımbölmənin rəhbəri təyin edilir.

bp-yə məxsus "Deepwater Horizon" platforması aprelin 22-də on bir insanın həlak olması ilə nəticələnən güclü partlayışdan yaranan 36 saatlıq yanğından sonra, Luiziana ştatının sahillərində batıb. Bunun ardından başlayan və indiyədək davam edən neft sızması Amerikanın Luiziana, Alabama, Missisipi ştatlarına artıq ziyan vurub və region üçün ekoloji fəlakət təhlükəsi yaradır.

Meksika körfəzində neft sızmasının nəticələrinin aradan qaldırılması üçün bp-nin xərcləri artıq 4 milyard dollara yaxınlaşır. Bu məbləğə sızan neftin nəticələrinin aradan qaldırılması, əlavə "yükboşaltma" quyularının qazılmasının qiyməti, quyuların hermetizasiyası, sahilyanı ölkələrə qrantlar və şikayətlər üzrə ödənişlər daxildir. Şirkətdən, ən azı, 116 min şikayət ərizəsi verilib, onların hər birinə 67,5 min dollardan 207 milyon dollar həcmində ödəniş edilib.

Meksika körfəzindəki insident ABŞ-da ən iri qəzalardan biri hesab edilir. Onun miqyası 1989-cu ildə Alyaska sahillərində "Exxon Valdez" tankerinin qəzaya uğramasının nəticələrini geridə qoyur. O zaman saya oturan gəmidən 260 min barelə yaxın neft axmışdı.

Xəbər lenti

Xəbər lenti