...

Bakı-Tbilisi-Ərzurum kəməri ilə qaz ixracı xeyli artıb

Energetika Materials 21 Oktyabr 2010 17:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Yanvar-sentyabr aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 28,6 milyon ton neft nəql edilib. Ötən ilin analoji dövründə bu rəqəm təxminən 28,7 milyon ton təşkil edib. Bu barədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) cümə axşamı yayılan məlumatında deyilir.

2009-cu ildə BTC ilə ümumilikdə 38,2 milyon ton neft nəql olunub. 2008-ci ildə bu rəqəm 32,8 milyon ton təşkil edib.

BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir ki, bunun da 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisində yerləşir. Boru kəmərinin tikintisinə 2003-cü ilin aprel ayında, onun neftlə doldurulmasına isə 2005-ci il mayın 18-də başlanılıb.

BTC-nin səhmdarları BP (30,1 faiz), AzBTC (25 faiz), "Chevron" ( 8,90 faiz), "Statoil" (8,71 faiz), TPAO (6, 53 faiz), "Eni" (5 faiz), "Total" (5 faiz), "Itochu" (3,40 faiz), "Inpex" (2,50 faiz), "ConocoPhilips" (2,50 faiz) və "Hess" (2,36 faiz) şirkətləridir.

Yanvar-sentyabr aylarında Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 4,1 milyard kubmetr qaz nəql olunub. Ötən il bu göstərici 3,8 milyard kubmetr təşkil edib.

Ümumilikdə, 2009-cu Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 5,2 milyard kubmetr qaz nəql olunub. 2008-ci ildə bu göstərici 4,7 milyard kubmetr təşkil edib.

Bakı-Tbilisi-Ərzurum kəmərinin (Cənubi Qafqaz boru kəməri) uzunluğu 700 kilometrdən çoxdur. Xəzər dənizinin Azərbaycan sektorunda "Şahdəniz" qaz-kondensat yatağında hasil olunan qaz bu kəmər vasitəsilə nəql olunur və Gürcüstanla Türkiyəyə daşınır. Azərbaycan da qaz alıcısı kimi iştirak edir.

Xəbər lenti

Xəbər lenti