Azərbaycan, Bakı, 18 mart /Trend/
Martın 18-də "Bos-Shelf" MMC-nin iş şəraitindən narazı olan bir qrup əməkçisi ilə ARDNŞ rəhbərliyinin görüşü olub.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, əƏməkçilərin istək, irad və arzuları dinlənilib, MMC-nin direktoru İxtiyar Axundov, ARDNŞ-nin Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev, Hüquq İdarəsinin rəisi Eldar Orucov tərəfindən onların əməkhaqlarının artırılması, sosial və tibbi sığorta, əmək məzuniyyətinin verilməsi şərtləri və başqa məsələlərlə bağlı sualları cavablandırılıb, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun izahatlar verilib.
Söylənilən istək və iradların bir hissəsinin əsassız olduğu görüş iştirakçılarının nəzərinə çatdırılıb, əsaslı məsələlərin araşdırılacağı və bu barədə əlavə məlumat veriləcəyi bildirilib. Qeyd olunub ki, bir neçə aydır MMC-nin əməkçiləri həyat, risklər və təhlükəsizlik üzrə sığorta olunublar, tibbi sığorta müqaviləsi də artıq imzalanıb və aprelin 1-dən qüvvəyə minəcək. Əmək məzuniyyətlərinin verilməsi ilə bağlı məsələlər işçinin və işəgötürənin istəyi ilə deyil, mövcud qanunvericiliyə uyğun aparılır. Eyni zamanda o da nəzərə çatdırılıb ki, öz istək və təklifləri haqqında MMC rəhbərliyinə yazılı və ya şifahi şəkildə heç bir məlumat vermədən işlərin yarım iş günü ərzində dayandırılması qanunvericiliyə uyğun deyil və bu, iş yerinin qanunsuz tərk olunması kimi qiymətləndirilə bilər.
"Bos-Shelf" MMC-nin qarşıdakı dövrdə Azərbaycan neft sənayesində həyata keçiriləcək irimiqyaslı layihələrə cəlb ediləcəyini və bunun üçün kollektivin daim öz üzərində işləməli olduğunu vurğulayan ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov qaldırılan əsaslı məsələlərin təcili şəkildə araşdırılması və şirkət rəhbərliyinə məruzə edilməsi ilə bağlı tapşırıqlar verib, bu məsələlərin qısa müddətdə həllini tapmalı olduğunu söyləyib. O xüsusi olaraq qeyd edib ki, hər bir işçinin öz fərdi inkişaf planı olmalı, əməkdaşlar daim öz peşəkarlıq dərəcəsinin artırılması qayğısına qalmalıdırlar. Yalnız bu zaman birgə müəssisə neft-qaz bazarında rəqabətə davam gətirə biləcək və yeni müqavilələr qazanacaq.
ARDNŞ-nin vitse-prezidenti "Bos-Shelf" MMC-nin kollektivini qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.
Görüşdə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Suleyman Mikayılov da iştirak edib.