...

Azərbaycan alternativ və bərpa olunan enerji mənbələri hesabına enerji gücünü artırır

Energetika Materials 23 Aprel 2013 19:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir E.İsmayılov/

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Azərbaycanın regionlarında hibrid elektrik stansiyalarının yaradılmasını planlaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı mətbuat konfransında Dövlət Agentliyinin sədri Akim Bədəlov bildirib.

"Qobustan poliqonunda ümumi gücü 2,7 meqavat olan üç külək turbini tikilib, gücü 1,8 meqavat olan Günəş batareyaları, həmçinin bioqazla işləyən gücü 1 meqavat olan elektrik stansiyası quraşdırılıb", - Bədəlov deyib.

Onun sözlərinə görə, hazırda Qobustanda fəaliyyət göstərən müəssisələrin böyük əksəriyyəti elektrik enerjisini Qobustan poliqonundakı hibrid elektrik stansiyası hesabına əldə edir. "Azərenerji" ASC ilə birgə poliqonda əldə olunan elektrik enerjisini ümumi enerji sisteminə yönəltməyə imkan verən sistem yaradılıb.

Bədəlov gələcəkdə hibrid stansiyalarının ölkənin digər regionlarında da yaradılması imkanını istisna etməyib. İlk mərhələdə belə stansiyaların gücü 15-20 meqavat, sonrakı təkmilləşdirmə işləri nəticəsində isə 45-50 meqavat təşkil edəcək.

2015-ci ilə qədər Qobustan poliqonundakı hibrid stansiyasının gücünü indiki 5,5 meqavatdan 8 meqavatadək artırmaq planlaşdırılır. "Bu, Qobustan şəhərini, daha sonra isə bütün Qobustan rayonunu elektrik enerjisi ilə təmin etməyə imkan verəcək", - Bədəlov bildirib.

Dövlət Agentliyinin sədri, həmçinin Prezident Administrasiyasına təqdim edilən alternativ enerjinin inkişafı strategiyasının hazırlığı barədə jurnalistlərə məlumat verib. Sənədin yaradılması çərçivəsində araşdırmalar aparılıb və tarif sistemi, kadrlar siyasəti haqqında təkliflər hazırlanıb.

"Sabah icra hakimiyyətlərinin müvafiq orqanlarında sənədin qurumlararası razılaşdırma prosedurunun müddəti bitir", - o deyib.

Bədəlovun sözlərinə görə, alternativ və bərpa olunan enerji mənbələri hesabına 1000 meqavat gücündə elektrik enerjisinin yaradılması ölkəyə əlavə olaraq 1 milyard kubmetr qaz ixrac etmək imkanı verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti