...

Yeraltı qaz anbarlarındakı aktiv qazın miqdarı 1,8 milyard kubmetrdən çoxdur

Energetika Materials 14 İyul 2015 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul /Trend/

Ölkənin təbii qaza olan tələbatının davamlı təminatı və ixrac imkanlarının genişləndirilməsində mühüm rol oynayan "Azneft" İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsi bu ilin ilk 6 ayını uğurlu göstəricilərlə başa vurub.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, yeraltı qaz anbarlarının aktiv tutumunun artırılmasına dair qoyulmuş vəzifələr təxirə salınmadan və yüksək keyfiyyətlə yerinə yetirilir. Hazırda payız-qış mövsümü üçün İdarənin balansındakı "Qaradağ" və "Qalmaz" qaz anbabarlarına təbii qazın vurulması uğurla davam etdirilir. Bu proses mövcud qrafikə uyğun olaraq, aprel ayından başlanılıb. İndiyədək yeraltı qaz anbarlarına ümumilikdə 892 milyon kubmetrdən artıq qaz vurulub. Qalıq qazla birlikdə hazırda anbarlarda yığılmış aktiv qazın miqdarı 1 milyard 822 milyon kubmetr təşkil edir.

Nəql olunan qazın tələblərə uyğun hazırlanması məqsədilə bir sıra zəruri tədbirlər görülür. "Qaradağ" Qazsaxlama Sahəsinin qazpaylama məntəqəsinin qazvurma-qazgötürmə imkanlarını artırılması üçün əlavə 5 quyuluq manifold sistemin tikintisi başa çatdırılıb. Burada 5 quyuluq manifold qovşağı tikilib, quyulara şleyf xətləri çəkilib, yeni şam xətti və şam separatoru, 1 ədəd tədqiqat separatoru, mövcud separatorlara qoruyucu klapanlar quraşdırılıb və mövcud sistemlə əlaqələndirilib. Eyni zamanda, operator binası, emalatxana və anbar tikilib. Hazırda manifold qovşağının işinə nəzarəti avtomatik şəkildə həyata keçirmək üçün işlər görülür.

Bundan başqa, Sahədəki qazpaylama məntəqəsinin genişləndirilməsi işləri davam etdirilir. Burada yeni 12 quyuluq qazpaylama məntəqəsi tikilib, quyulara şleyf xətləri çəkilib, 4 ədəd nəql separatoru, 2 ədəd tədqiqat separatoru quraşdırılıb, əlaqələndirici xətlər çəkilərək mövcud sistemə qoşulub. Manifold xətlərində donmaların qarşısını almaq üçün 44 ədəd dozator nasosunun quraşdırılacağı nasosxana inşa olunub. Qış mövsümündə texnoloji avadanlıqların və inzibati otaqların qızdırılması üçün qazanxana tikilib. Qazpaylama məntəqəsinin yanğınsöndürmə sistemi tələblərə uyğun şəkildə yenidən qurulub. "Qalmaz" Yeraltı Qaz Anbarlarında qazmadan alınmış və eyni xətdə işləyən quyuların qoşulması üçün qazpaylama məntəqəsinin genişləndirilməsi işlərinə başlanılıb. "Qalmaz" Qaz Kompressor Sahəsində məhsuldarlığı 10 milyon kubmetr olan 2 ədəd toztutucu quraşdırılıb və istismara verilib.

Anbarlardan çıxarılan qazın beynəlxalq tələblərə uyğun hazırlanmasını təmin etmək məqsədilə "Qaradağ" və "Qalmaz" yeraltı qaz anbarlarında qazın kompleks hazırlanması qurğusunun quraşdırılması nəzərdə tutulur. Bu məqsədlə "Compra Energy" şirkəti tərəfindən qurğunun layihələndirilməsi işləri başa çatdırılıb, avadanlıqların alınmasına başlanılıb. Qaz anbarlarının imkanlarının genişləndirilməsi məqsədilə carı ilin 6 ayı ərzində 23 quyuda əsaslı təmir, 2 quyuda cari təmir işləri, 79 quyuda 476 müxtəlif geoloji-tədqiqat işləri aparılıb. İlin əvvəlindən "Qaradağ" yeraltı qaz anbarında 2 quyu qazılaraq istismara verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti