Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir Azad Həsənli/
Dünya Bankı (DB) "Azərişıq" ASC ilə birgə reallaşdırılan layihə çərçivəsində Azərbaycanda enerji infrastrukturlarının vəziyyətinin öyrənilməsinə başlayıb.
Bu barədə Trend-ə DB-nin Bakı ofisindən məlumat verilib.
Məlumatda deyilir ki, missiyaya DB-nin energetika sahəsindəki aparıcı eksperti Salvador Rivyera başçılıq edəcək: "Hazırda missiya nümayəndələri ölkənin müxtəlif rayonlarında yerləşən enerji obyektlərinin vəziyyətini qiymətləndirir".
Bankdan qeyd edilib ki, DB ekspertləri Azərbaycana bu həftə gəlib və iyulun 26-dək ölkədə olacaqlar: "Azərbaycanın energetika sisteminin vəziyyəti ilə bağlı ekspertlərdə rəyin formalaşması üçün bir həftə kifayətdir".
DB Azərbaycanda enerji təchizatı üzrə layihənin hazırlığını tezləşdirmək qərarına gəlib.
Hazırda layihə ilə bağlı işlər ilkin mərhələdədir. Layihənin parametrlərini müəyyənləşdirmək üçün DB ekspertlərinə bir neçə ay lazım olacaq, bundan sonra maliyyə həcmlərinin müzakirəsi başlayacaq.
Layihə çərçivəsində ölkədə enerji infrastrukturunun keyfiyyətinin təkmilləşdirilməsi, həmçinin "Azərişıq" ASC-nin maliyyə sabitliyinin yaxşılaşdırılması nəzərdə tutulur.