...

SOCAR və "Petronas" rəhbərləri yeni sənəd imzaladılar

Energetika Materials 3 Sentyabr 2015 16:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev şirkətin baş ofisində Malayziyanın "Petronas" neft-qaz şirkətinin prezidenti və baş icraçı direktoru Datuk van Zulkiflee van Ariffinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, səmimi qəbul üçün təşəkkürünü bildirən qonaq Azərbaycana məmnunluq hissi ilə səfər etdiklərini, ölkəmizdə investisiya üçün əlverişli mühit olduğunu qeyd edib, SOCAR-la əməkdaşlığın rəhbərlik etdiyi şirkət üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Görüşdə "Şahdəniz" layihəsində "Statoil"un payının "Petronas" tərəfindən alındığı xatırlanıb. R.Abdullayev qonaqlara "Şahdəniz" və Cənub Qaz Dəhlizi layihələrinin gedişi haqqında ətraflı məlumat verib. Bildirilib ki, "Şahdəniz" yatağının işlənilməsinin ikinci mərhələsi və boru kəmərlərinin inşası layihələri üzrə işlər qrafikə uyğun şəkildə uğurla davam etdirilir. Görülən işlər əminlik yaradır ki, 2018-ci ildə ilk qaz həcmlərinin Türkiyəyə ötürülməsi mümkün olacaq.

D.Ariffin "Petronas" nümayəndə heyətinin üzvlərini SOCAR rəhbərliyinə təqdim edib, iki şirkət arasında əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib. SOCAR prezidenti isə öz növbəsində, Azərbaycanın neft-qaz sənayesində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu vurğulayıb, ölkəmizdə investisiyaların təhlükəsizliyinə tam təminat verildiyini qonaqların diqqətinə çatdırıb.

Görüşün sonunda SOCAR və "Petronas" arasında "Qarşılıqlı anlaşma haqqında Memoranduma əlavə" imzalanıb. Sənədi SOCAR-ın prezidenti R.Abdullayev və "Petronas" şirkətinin prezidenti və baş icraçı direktoru D.Ariffin imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti