...

Azərbaycan Belçika şirkəti ilə “yaşıl enerji” əməkdaşlığını dəyərləndirib

Energetika Materials 13 Mart 2026 15:57 (UTC +04:00)
Azərbaycan Belçika şirkəti ilə “yaşıl enerji” əməkdaşlığını dəyərləndirib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Belçikanın “W-Kracht” şirkəti ilə bərpa olunan enerji layihələrini ümzakirə edib.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın Energetika nazirliyinə istinadən xəbər verir.

Belə ki, energetika naziri Pərviz Şahbazov ilə Belçikanın keçmiş Baş naziri Yves Letermenin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Belçikanın quruda külək enerjisi layihələrinin inkişafı üzrə ixtisaslaşmış “W-Kracht” şirkətinin də təmsil olunduğu görüşdə Azərbaycanda bərpa olunan enerji layihələrinin həyata keçirilməsi və ixracı sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Görüşdə qeyd olunub ki, Azərbaycan regionda sabitlik və konstruktiv əməkdaşlıq üçün mühüm rol oynayır. Bu baxımdan ölkənin enerji siyasəti, xüsusilə bərpa olunan enerji mənbələrinin inkişafı və enerji dəhlizlərinin yaradılması beynəlxalq tərəfdaşların diqqətini cəlb edir. Hazırda Azərbaycanda külək və günəş enerjisi ilə işləyən11 elektrik stansiyası layihəsinin icra olunduğu və yeni generasiya güclərinin elektrik şəbəkəsinə qoşulma imkanlarının qiymətləndirilməsi məqsədilə şəbəkə üzrə xüsusi araşdırma aparıldığı diqqətə çatdırılıb. Həmçinin enerji istehsalına tələbatı artıran data mərkəzlərinin yaradılması planları və elektrik enerjisinin Avropaya ixracı üçün nəzərdə tutulan infrastruktur layihələri barədə məlumat verilib.

Bildirilib ki, 2032-ci ildən etibarən Şərqi Avropa ilə elektrik bağlantısının yaradılması planlaşdırılır. Bu baxımdan Azərbaycan enerji istehsalı layihələrində iştirak edən və daha sonra həmin enerjini Şərqi Avropa bazarlarında ticarətə çıxaran Avropa şirkətləri ilə əməkdaşlıqda maraqlıdır.

Söhbət zamanı bərpa olunan enerji sahəsində əməkdaşlığın perspektivləri üzrə dialoqun davam etdirilməsi razılaşdırılıb.

Qeyd edək ki, “W-Kracht” külək turbinləri layihələrinin hazırlanması ilə məşğul olan özəl bir inkişaf şirkətidir. “W-Kracht” şirkətinin tərəfdaşları və əməkdaşları külək turbin parklarının hazırlanması, maliyyələşdirilməsi, həyata keçirilməsi və istismarı sahəsində geniş təcrübəyə malikdirlər. “W-Kracht” əsasən Flandriya və Valoniyada yerləşən quru (on-shore) külək enerjisi layihələrinə fokuslanır. Hazırda “W-Kracht” xaricdə bir neçə böyük külək parkının inkişafı üzərində də işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti