Qazaxıstan öz neftinin Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə nəqlinə dair sazişin layihəsinə xeyli əlavələr daxil edib. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev məlumat verib. Onun sözlərinə görə, Qazaxıstanın təklifinə bu ölkə ilə xammalın nəqli ilə bağlı sənədlər üzərində iş üzrə yaradılmış xüsusi dövlət komissiyası baxacaq. "Apreldə Qazaxıstan tərəfi ilə görüş gözlənilir. Bu görüşdə yaranmış məsələlərin müzakirəsi nəzərdə tutulur", - deyə nazir qeyd edib.
Qazaxıstanın "Kaşaqan" layihəsinin işlənib-hazırlanması çərçivəsində Aktau-Bakı marşrutu ilə 2010-cu ildən tez olmayaraq sutkada 500 min barel neftin nəqli gözlənilir. Layihə çərçivəsində Qazaxıstan ərazisində Kurık kəndində sutkada 750 min barel neft daşıma qabiliyyətinə malik terminalın inşası nəzərdə tutulur. Xarici şirkətlər Qazaxıstan neftinin Bakıyadək nəqli üçün 60 min ton tonnajlı 5 və ya hər biri 12 min ton tonnajlı 25 tankerin inşasında israr edir. Bu şirkətlər bildirir ki, iri tonnajlı tankerlər bütün iştirakçılar üçün sərfəlidir. Ancaq bunun üçün yan körpü qurğuları lazım olacaq. Xarici şirkətlər Xəzərin Azərbaycan sektorunda öz terminalını inşa etmək niyyətindədir. Fransanın Total şirkəti bu obyektin tikilə biləcəyi 5 sahə (Səngəçal, Şurabad, Bulla adası), xüsusilə Pirsaat sahəsini təklif edib. Onların fikrincə, ən əlverişli sahə Şurabad rayonundadır.