Mərkəzi Bankın nağd pul siyasəti balanslı və davamlı yanaşma üzərində qurulur - Baş direktor Rəşad Məmmədov (MÜSAHİBƏ)

Maliyyə Materials 3 İyul 2026 08:00 (UTC +04:00)
Mərkəzi Bankın nağd pul siyasəti balanslı və davamlı yanaşma üzərində qurulur - Baş direktor Rəşad Məmmədov (MÜSAHİBƏ)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal transformasiya dövründə milli valyutanın gələcəyi, yeni nəsil pul nişanlarının konsepsiyası, nağd pul dövriyyəsinin optimallaşdırılması və investisiya pul nişanlarının əhəmiyyəti artmaqdadır.

Bunu Trend-ə müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Məmmədov deyib.

O, milli pul nişanlarının mühafizə sistemləri, yenilənmiş nominallar və strateji hədəflər barədə sualları cavablandırıb.

Baş direktor bildirib ki, rəqəmsal ödənişlərin sürətlə inkişaf etdiyi bir dövrdə Mərkəzi Bankın nağd pul siyasəti balanslı və davamlı yanaşma üzərində qurulur:

"Beynəlxalq təcrübə, xüsusilə Avropa Mərkəzi Bankının yanaşması göstərir ki, nağd pul maliyyə sisteminin ayrılmaz hissəsidir və onun rolu transformasiya olunsa da, əhəmiyyəti qalmaqdadır. Bu baxımdan Mərkəzi Bankın nağd pul sahəsində əsas prioritetləri bir neçə istiqamətdə cəmlənib:

  • Nağd pula əlçatanlığın təmin edilməsi – əhalinin və biznes subyektlərinin istənilən vaxt nağd pul əldə etmək imkanının qorunması;
  • Nağd pul dövriyyəsinin optimallaşdırılması – logistika, emal və saxlanma xərclərinin azaldılması, nağd pul infrastrukturunun modernləşdirilməsi və avtomatlaşdırılması;
  • Milli pul nişanlarının yenilənməsi – pul nişanlarının müasir standartlar üzrə təhlükəsizlik elementlərinin daha da təkmilləşdirilməsi və dizayn baxımından yenilənməsi;
  • Ödəniş sistemlərinin dayanıqlılığının gücləndirilməsi – texnoloji risklər və fövqəladə hallarda nağd pulun alternativ ödəniş vasitəsi kimi rolunun saxlanılması;
  • Bank sektoru ilə əməkdaşlığın genişləndirilməsi – nağd pulun emalı və təkrar tədavülü sahəsində daha effektiv modellərin tətbiqi.

Qeyd edim ki, nominal strukturun təhlili, dövriyyədə olan pulun keyfiyyətinin yaxşılaşdırılması, regional paylanma mexanizmlərinin təkmilləşdirilməsi və texnoloji həllərin tətbiqi əsas istiqamətlər sırasında olacaq".

R. Məmmədov eyni zamanda milli valyutanın mühafizə sistemləri saxtalaşdırma üsullarına qarşı dayanıqlığından da bəhs edib.

Onun sözlərinə görə, son dövrlər sosial şəbəkələrdə əsasən süni intellekt tətbiqləri vasitəsilə müxtəlif dizaynlarda və nominallarda hazırlanmış pul nişanlarının fotoları yayılaraq əhalidə çaşqınlığın yaranmasına səbəb olub:

"Məsələ ilə bağlı Mərkəzi Banka daxil olan sorğularda da bildirdiyimiz kimi, bu cür məlumatlar həqiqətə uyğun deyil. Milli pul nişanları ilə bağlı dəyişikliklərin rəsmi məlumat mənbəyi kimi Mərkəzi Bankın internet səhifəsi və sosial media səhifələrinə istinad etməyə çağırırıq.

Tədavüldə olan pul nişanlarına dair məlumatlar Mərkəzi Bankın rəsmi internet səhifəsində qeyd edilib. Mərkəzi Bank tərəfindən yenilənmiş pul nişanları və ya mövcud pul nişanlarında hər hansı dəyişiklik barədə ictimai məlumatlandırma onların tədavülə buraxılma tarixindən öncə Mərkəzi Bankın rəsmi internet səhifəsi və sosial media səhifələri vasitəsilə təşkil olunur. Son dəyişikliklərdən biri ötən ilin dekabr ayında yenilənmiş 50 manatlıq pul nişanının tədavülə buraxılması olub. Cari ilin 15 iyul tarixində isə yenilənmiş 100 manatlıq pul nişanının tədavülə buraxılması nəzərdə tutulub.

Təhlillərə əsasən, saxtalaşdırma üsullarının əksər hallarda primitiv üsullardan (rəngli surətçıxarma və ya skaner) istifadə edilməklə həyata keçirildiyi müşahidə olunur. Belə saxta pullar bank əməkdaşları və ya avadanlıqlar tərəfindən asanlıqla müəyyən olunur. Milli pul nişanlarının yüksək texniki göstəriciləri və təhlükəsizlik elementlərinin etibarlılığı nəticəsində milli pul nişanlarının saxtalaşdırılma səviyyəsi dünyanın aparıcı valyutaları və qonşu dövlətlərin valyutaları ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağı hesab olunur".

R. Məmmədov xatırladıb ki, 2006-cı ildəki denominasiyadan sonra tətbiq olunan "Müstəqil Azərbaycan" konsepsiyası 20 yaşını tamamlayır. Baş direktor bu xüsusda bildirib ki, Azərbaycanın hazırda tədavüldə olan milli pul nişanı – manat "Müstəqil Azərbaycan" konsepsiyası mövzusuna həsr olunmaqla 2006-cı ildə dövriyyəyə buraxılıb:

"Torpaqlarımızın işğaldan azad olunaraq Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi ölkəmizin regionda və dünyada siyasi-iqtisadi səviyyədə yeni bir müstəviyə qədəm qoymasını şərtləndirib. Bu da öz növbəsində əsas dövlətçilik atributlarından olan milli pul nişanlarımızın yeni dövrə və çağırışlara uyğunlaşdırılması məsələsini gündəmə gətirib. Mərkəzi Bank tərəfindən 2024-cü il tarixində yeni nəsil milli pul nişanlarının konsepsiya mövzusunu və nominallar üzrə alt mövzuları müəyyənləşdirmək üçün ictimai sorğu keçirilib və növbəti mərhələdə yeni konsepsiyada pul nişanlarının dizaynlarının və onların təhlükəsizlik sistemlərinin yaradılması ilə bağlı işlərə başlanması nəzərdə tutulur. Qeyd edək ki, beynəlxalq təcrübədə yeni konsepsiyanın yaradılması üzrə işlər mərkəzi banklar tərəfindən təqribən 2 ildən 4 ilədək müddətdə həyata keçirilir. Təbii ki, hər hansısa dəyişikliklər barədə məlumat Mərkəzi Bank tərəfindən öncədən ictimaiyyətə təqdim olunacaq".

R. Məmmədov həmçinin yararsız pulların dəyişdirilməsi xidmətinin birbaşa operator banklara (ABB, Kapital Bank) ötürülməsinin nəticələrindən də danışıb. O qeyd edib ki, əhalinin bu xidmətə əlçatanlığının artırılması məqsədilə milli pul nişanlarının dəyişdirilməsi cari ilin mart ayından etibarən operator bankların: “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC-nin ölkə ərazisində fəaliyyət göstərən filial və şöbələri tərəfindən təmin olunur:

"Hazırda bu bankların bütün filial və şöbələri tərəfindən əhalinin müraciətləri tam olaraq qarşılanır. Qeyd edək ki, bu xidmət ödənişsiz əsasda həyata keçirilir. Bu dəyişiklik vətəndaşlara seçim imkanı verməklə, həm də zamanlarına qənaət etməyə, operativ surətdə xidmətdən yararlanmağa dəstək göstərir".

Son dövrlərdə qiymətli metal bazarlarında müşahidə olunan qiymət volatilliyi fonunda investisiya pul nişanlarına maraq artır. Baş direktor Mərkəzi Bank tərəfindən tədavülə buraxılan investisiya pul nişanlarının üstünlükləri, satış və geri alış mexanizmləri barədə isə suala cavabında bildirib:

"Bildiyiniz kimi, Mərkəzi Bank tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ilk dəfə 2023-cü ildə yüksək əyarlı qızıldan hazırlanmış və dizaynı yerli mütəxəssislər tərəfindən işlənmiş investisiya pul nişanları, 1 troy unsiya, 1/2 troy unsiya, 1/4 troy unsiya və 1/10 troy unsiya olmaqla müxtəlif çəkilərdə tədavülə buraxılıb. Bu pul nişanları Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsi hesab edilir.

Müxtəlif çəkilərdə təqdim olunan investisiya pul nişanları üzrə geniş seçim imkanları, eləcə də effektiv geri alış mexanizminin mövcudluğu bu alətlərin dövriyyəsinin səmərəli təşkilinə və istifadəsinin daha geniş yayılmasına əlverişli şərait yaradır. İnvestisiya pul nişanlarının əhali üçün əlçatanlığının artırılması məqsədilə satış və geri alış əməliyyatlarının satış agentləri vasitəsilə həyata keçirilməsi xidmətlərin operativliyini yüksəltməyə və prosesin şəffaflığını təmin etməyə yönəlib".

R. Məmmədov qeyd edib ki, hazırda bu pul nişanlarının satışı və geri alışı Mərkəzi Bank tərəfindən satış agentləri kimi müəyyən edilmiş “TuranBank” ASC və “Bank of Baku” ASC vasitəsilə təşkil olunur.

"Satış agentləri tərəfindən geri alınan investisiya pul nişanlarının ekspertizası təşkil edilir və vətəndaşlardan geri alınan pul nişanlarının dəyəri həmin gün ödənilir. Qeyd etdiyim məqamlar investisiya pul nişanlarının həm etibarlı investisiya aləti kimi cəlbediciliyini artırır, həm də əhalinin qızıla əsaslanan yığım və investisiya imkanlarının genişlənməsinə xidmət edir", - deyə AMB rəsmisi fikrini yekunlaşdırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti