Bakı. Trend:
Azərbaycan bərpa olunan enerji mənbələrinin (BEM) ölkənin ümumi enerji balansında payının artırılması istiqamətində işləri sürətləndirir.
Trend-in məlumatına görə, bu barədə energetika nazirinin müavini Kamal Abbasov Azərbaycan və Serbiya arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 8-ci iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın 2030-cu ilə qədər ölkənin enerji sisteminin quraşdırılmış gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatması ilə bağlı qarşıya qoyduğu məqsədə bu tarixdən tez nail olmaq olar.
"Ölkədə enerji keçidinin hazırkı tempində bərpa olunan enerji mənbələrinin payı 2027-ci ilə qədər 32,6%-ə, 2030-cu ilə qədər isə 34,6 faizə çata bilər", - deyə K.Abbasov bildirib.
Hökumətin hesablamaları beynəlxalq enerji şirkətləri ilə davam edən bərpa olunan enerji layihələri portfelinə əsaslanır.
Bu layihələr portfeli artıq 10 QVt ümumi gücü əhatə edir.
"Bərpa olunan enerji mənbələrindən alınan enerji daxili istehlak, iqtisadiyyatın karbonsizləşdirilməsi və ixrac üçün nəzərdə tutulub", - deyə K.Abbasov qeyd edib.
Hazırda bərpa olunan enerji mənbələri ölkənin enerji balansının 17-18 faizini təşkil edir.