Bakı. Trend:
Enerji səmərəliliyinin geniş tətbiqi ilə yanaşı, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) tənzimləyici və nəzarətedici fəaliyyəti enerji sektorunda bazar münasibətlərinin formalaşmasına, effektiv idarəetmənin, şəffaflığın və hesabatlılığın təmin olunmasına mühüm töhfə verir. Ötən dövr ərzində Agentlik elektrik enerjisinin ötürülməsi, topdan və pərakəndə satış qiymətləri ilə bağlı təkliflər hazırlayaraq bazar islahatlarının tətbiqinə dəstək verib.
Trend xəbər verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazovun 20 Oktyabr Energetiklər Günü münasibətilə "Azərbaycan" qəzetində “Azərbaycan Regional Enerji Qovşağına Çevrilir” adlı məqaləsində bildirilib.
Qeyd edilib ki, elektrik enerjisi bazarının effektiv təşkili məqsədilə elektroenergetika sektorunda tənzimlənən qiymətlərin (tariflərin) müəyyən olunması qaydaları hazırlanıb: “Energetika sahəsində tənzimləyici haqqında” qanun layihəsi yenidən işlənilib. Elektrik qurğularının quraşdırılması, texniki istismarı və təhlükəsizlik texnikası qaydaları təsdiq olunaraq tətbiqə verilib. Hazırda istilik qurğularının texniki istismar və təhlükəsizlik qaydalarının layihələri üzərində işlər davam edir. Qaz qurğularının, xətlərin, tüstü bacalarının və havalandırma sistemlərinin təhlükəsiz istismarı və yol verilmiş pozuntuların aşkar edilərək aradan qaldırılması üçün monitorinqlər aparılıb, nəticələr qanunvericiliyə uyğun aktlarla rəsmiləşdirilib. Dövlət müəssisələrində elektrik və istilik enerjisindən istifadənin səmərəliliyi, təhlükəsizlik qaydalarına əməl olunması və qaz qurğularının etibarlı istismarı ilə bağlı 2000-ə yaxın nəzarət tədbiri həyata keçirilib. Aşkar edilmiş pozuntuların aradan qaldırılması təmin olunub”.
Vurğulanıb ki, qanunvericilik bazasının təkmilləşdirilməsi və energetika sektorunda islahatların davamı çərçivəsində “İstilik təchizatı haqqında” və “Qaz təchizatı haqqında” qanunların qəbulu da atılan mühüm addımlardandır: “İstilik təchizatı ilə bağlı bu qanun yeni tikiləcək binalarda mərkəzləşdirilmiş sistemlərin tətbiqini məcburi edir ki, bu da enerji resurslarına qənaət, ətraf mühitə atılan emissiyaların azalması və xidmət keyfiyyətinin yüksəlməsini təmin edəcək. Qanun, həmçinin istilik istehsalı, paylanması və satış subyektlərinin hüquq və vəzifələrini aydınlaşdırır, dövlət və özəl sektor arasında şəffaf və səmərəli münasibətlərin formalaşdılmasına imkan yaradır. Qaz təchizatına dair yeni qanun isə qazın nəqli, paylanması, saxlanması, topdan və pərakəndə satışları, habelə idxalının Dövlət Neft Şirkətinin tabeliyində ayrı-ayrı hüquqi şəxslər tərəfindən həyata keçirilməsi qaz təchizatı subyektləri üzrə maliyyə şəffaflığı, xərc əsaslı qiymətlərin (tariflərin) daha düzgün müəyyən olunması, çarpaz subsidiyalaşmanın qarşısının alınması, həmçinin maliyyə intizamlığının təmin edilməsinə gətirib çıxaracaqdır. Bu islahatlar Azərbaycanın enerji təhlükəsizliyini möhkəmləndirir və energetika sektorunu daha müasir və rəqabətədavamlı edir”.