...

Finlandiya bərpa olunan enerji mənbələri sahəsindəki təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır (ÖZƏL)

Yaşıl iqtisadiyyat Materials 21 Oktyabr 2025 17:12 (UTC +04:00)
Finlandiya bərpa olunan enerji mənbələri sahəsindəki təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır (ÖZƏL)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Finlandiya “yaşıl enerji", enerji səmərəliliyi və liman infrastrukurunun rəqəmsallaşması sahələrində Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.

Bu fikirləri Trend-ə Finlandiyanın Cənubi Qafqazdakı səfiri Kirsti Narinen Bakıda keçirilən Mərkəzi Baltik- Azərbaycan” biznes forumu çərçivəsində bildirib.

Səfir qeyd edib ki, Finlandiya regional təşəbbüslərdə iştirakını ilk növbədə Avropa İttifaqına üzv dövlət formatında nəzərdən keçirir.

“Finlandiya Avropa İttifaqının layihələri, o cümlədən "yaşıl enerj"i dəhlizləri çərçivəsində Avropa ilə Qafqaz arasında nəqliyyat və enerji əlaqələrinin gücləndirilməsini dəstəkləyir. Biz bu təşəbbüslərdə ümumavropa siyasətinin bir parçası kimi iştirak edirik”,- deyə o vurğulayıb.

Helsinki limanı da daxil olmaqla, fin limanlarının Xəzər limanları ilə əməkdaşlıqda mümkün iştirakına dair sualı cavablandıran diplomat bildirib ki, bu kimi təşəbbüslər şirkətlərin özlərindən asılıdır:

“Bunlar hökumətlərarası deyil, kommersiya təşəbbüsləridir. Məsələn, “Nokia” şirkəti limanların rəqəmsallaşdırılması sahəsində böyük təcrübəyə malikdir və digər ölkələrdə qazandığı bilik və texnologiyalardan istifadə edərək bu istiqamətdə töhfə verə bilər”.

Kirsti Narinen həmçinin vurğulayıb ki, Finlandiya əsas diqqəti bərpa olunan enerji mənbələrinin, xüsusilə külək enerjisinin inkişafına yönəldir.

“Finlandiya energetika sahəsində özünü təmin edən ölkədir. Biz şəbəkələrin necə qurulması və bərpa olunan enerji mənbələrinin inteqrasiyası ilə bağlı Azərbaycan tərəfi ilə texniki təcrübəmizi bölüşə bilərik. Bundan əlavə, fin şirkəti “Wärtsilä” artıq Azərbaycanda fəaliyyət göstərir və istilik elektrik stansiyalarının modernləşdirilməsi ilə məşğuldur”, - deyə səfir əlavə edib.

Neft-qaz sektoru barədə danışan Narinen bildirib ki, Finlandiya tədricən fosil yanacaqlardan imtina edir.

“Biz bərpa olunan enerji və onunla bağlı texnologiyalar istiqamətində, eləcə də enerji səmərəliliyinin artırılması yönündə irəliləyirik. Bu da Avropanın “yaşıl keçid" çərçivəsində əməkdaşlığın əsas istiqamətidir”, – deyə o qeyd edib.

Diplomatın sözlərinə görə, bu cür biznes-forumlar və görüşlər hər iki ölkənin şirkətləri arasında əlaqələrin qurulmasına kömək edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti