Azərbaycan, Bakı, 25 yanvar / Trend , müxbir S.Babayeva / "CATEL"in CDMA (Code Division Multiple Access) mobil şəbəkəsinin əhatə dairəsinə Azərbaycanın Kürdəmir rayonu daxil olub. Bu barədə şirkətin məlumatında bildirilib. Bu rayonda yeni baza stansiyası quraşdırılıb və nəticədə, Kürdəmir və digər yaxın yaşayış məntəqələrinin əhalisi şirkətin xidmətlərindən istifadə edə biləcək.
"Hazırda Ağstafa rayonunda oxşar stansiya quraşdırılır və yaxın zamanlarda istifadəyə veriləcək", - şirkət bildirib.
FONEX ("CATEL"in satış markası) mobil şəbəkəsinin əhatə dairəsinə, Bakı və Sumqayıt daxil olmaqla, Abşeron yarımadası, Gəncə, Şəmkir, Əli-Bayramlı, Mingəçevir, Yevlax, Dəvəçi, Ucar, Balakən və Nabran daxildir.
Gələcəkdə CATEL şirkəti Azərbaycanın bütün regionlarında CDMA baza stansiyalarının quraşdırılmasını nəzərdə tutur.
CATEL şirkətinin abunə bazası 30 min abunədən ibarətdir, onun da 15 mini CDMA şəbəkəsinindir.
Hazırda CATEL şirkətinin CDMA şəbəkəsinin ümumi tutumu 50 min nömrədən ibarətdir, lakin şirkətin tələbatı artdıqca, CDMA şəbəkəsinin mövcud tutumunun, yeni modullar əlavə etməklə, 100 min nömrəyədək genişləndirilməsi nəzərdə tutulur.
CATEL şirkəti 3G CDMA standartında 2003-cü ilin ortalarından xidmət göstərir, CDMA şəbəkəsinin rəsmi açılışı isə, 2004-cü il avqustun 13 - də olub.