...

Azərbaycanın mobil rabitə operatoru mobil televiziya xidmətlərinin sınağına başlayır

Telekommunikasiya Materials 1 Oktyabr 2010 18:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir H.Vəliyev/

Yaxın vaxtlarda Azərbaycanın mobil rabitə operatoru "Azerfon" MMC mobil televiziya xidmətlərinin sınağına başlayacaq. Bu barədə Trend-ə BBTV şirkətinin marketinq və satış şöbəsinin meneceri Samir Mahmudov məlumat verib.

Mahmudovun sözlərinə görə, mobil televiziyanın "Azerfon-Vodafone" şəbəkəsində işə salınması haqqında artıq razılıq əldə olunub. Texniki təchizat və avadanlığın inteqrasiyası üzrə işlər həm BBTV, həm də "Azerfon" şirkətləri tərəfindən aparılır.

"Biz operatora konversiya olunduqdan sonra mobil telefonlara çatdırılacaq televiziya siqnalını verəcəyik. 3G standartının olması keyfiyyətli videogörüntünü ötürməyə imkan verəcək. Bu istiqamətdəki bütün işlər sınaqların keçirilməsinə hazır mərhələdədir və xidmət uğurla sınaqdan keçiriləcəyi təqdirdə, ola bilsin ki, "Azerfon-Vodafone" şəbəkəsinin abonentləri bunu cari ilin sonuna və ya gələn ilin əvvəlinə əldə edə bilsinlər", - deyə Mahmudov qeyd edib.

Mobil televiziya xidmətlərinin tətbiqi üçün DVB-SH (Digital Video Broadcasting - Satellite services to Handhelds) və MediaFLO (Media Forward Link Only) standartlarının imkanları nəzərdən keçirilir.

MediaFLO standartı əvvəlcə daşıyıcı mobil terminallar üçün hazırlanıb ki, bu da yaxşılaşdırılmış mobil qəbulu və aşağı enerji istifadəsinə səbəb olub. MediaFLO standartında yayım televiziya qüllələrindən "Multicast" rejimində 700 MHz tezliyinə yaxın həyata keçirilir. MediaFLO-da icazə QVGA parametrləri ilə məhdudlaşdırılıb. Standart 5 MHz zolağında stereosəslə 20 kanalın ötürülməsini təmin edir. 6 MHz zolağında iş zamanı kanalların sayı daha 20 faiz arta bilər.

DVB-SH Avropa sistemi də 3G şəbəkələrində işləyən vahid qurğunun köməyi ilə mobil televiziya xidmətlərindən maneəsiz istifadə imkanını təsdiq edib. DVB-SH standartı DVB standartları ailəsinə daxildir. DVB-SH hibrid sistem olmaqla, multimedia kontentini həm yerüstü ötürücülər, həm də birbaşa peyk vasitəsilə qəbul etməyə imkan verir.

Xəbər lenti

Xəbər lenti