...

Azərbaycan və Yaponiya peyk rabitəsi sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər

Telekommunikasiya Materials 21 Yanvar 2013 17:50 (UTC +04:00)
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe ilə görüşüb.
Azərbaycan və Yaponiya peyk rabitəsi sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir H.Vəliyev/

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe ilə görüşüb.

Trend Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, ölkələrimiz arasında mövcud əlaqələrdən söz açan Abbasov ikitərəfli əməkdaşlığın daha da dərinləşməsinə olan qarşılıqlı marağın Azərbaycan-Yaponiya münasibətlərinin genişlənməsi üçün əlverişli zəmin yaratdığını bildirib.

Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişafı fonunda Yaponiya tərəfinin çoxdan ölkəmizdə Yaponiya-Azərbaycan İKT forumunun təşkilinə xüsusi maraq göstərdiyini qeyd edən Vatanabe bu il Azərbaycanın ilk peykinin fəzaya buraxılmasını nəzərə alaraq, forumda məhz bu prioritet sahə üzrə peyk məsələlərinə daha geniş yer ayrılmasını təklif edib.
Onun sözlərinə görə, foruma Yaponiyanın dövlət və qeyri-dövlət sektorunun təmsilçiləri, o cümlədən 40-a yaxın özəl şirkətin qatılacağı gözlənilir.

Nazir, öz növbəsində, texnologiyalar sahəsində aparıcı ölkələrdən sayılan Yaponiya təcrübəsinin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini, bu tipli forumların təşkilinin Yaponiya-Azərbaycan münasibətlərinin daha da yaxınlaşmasında, xüsusən Yaponiya texnologiyalarının Azərbaycanda istehsalı və istehlakında önəm daşıyacağını, gələcəkdə bərabər səylər nəticəsində birgə istehsal və xidmətlərin həyata keçirilə biləcəyinə ümidvar olduğunu vurğulayıb.

Görüşdə, həmçinin birinci Yaponiya-Azərbaycan İKT forumunun cari ilin fevralın 27-28-də keçirilməsi qərara alınıb və artıq hazırlıq işlərinə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti