...

“AzQtel” şirkətinin prezidenti Ceyhun Mollazadə 8-ci GTI seminarında çıxış edib

Telekommunikasiya Materials 21 Noyabr 2013 12:24 (UTC +04:00)
GTİ təşkilatının (Global TD-LTE İnitiative) 8-ci seminarı bu dəfə Taylandın paytaxtı Banqkok şəhərində təşkil edilib. Ənənəvi olaraq təşkilata üzv olan qlobal İKT şirkətləri ən son texnoloji yenilik və xidmətlərini nümayiş etdirərək öz təcrübələrini bölüşüblər, gələcək addımları müəyyənləşdiriblər.
“AzQtel” şirkətinin prezidenti Ceyhun Mollazadə 8-ci GTI seminarında çıxış edib

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

GTİ təşkilatının (Global TD-LTE İnitiative) 8-ci seminarı bu dəfə Taylandın paytaxtı Banqkok şəhərində təşkil edilib. Ənənəvi olaraq təşkilata üzv olan qlobal İKT şirkətləri ən son texnoloji yenilik və xidmətlərini nümayiş etdirərək öz təcrübələrini bölüşüblər, gələcək addımları müəyyənləşdiriblər.

GTI təşkilatının baş katibi Huanq Yuhonqun sədrliyi ilə keçən seminarda China Mobile, Sprint, Vodafone, Sony, Samsung, Huawey, Ericsson, ZTE, UK Broadband, Datang, NSN kimi dünyanın texnologiya xidmətləri bazarında tanınmış şirkətlərin rəhbərləri məruzələrlə çıxış ediblər. Seminara xüsusi dəvət alan Sazz 4G İnternet provayderi "AzQtel" şirkətinin prezidenti Ceyhun Mollazadə də geniş məruzə ilə çıxış edib. Ceyhun Mollazadə son on il ərzində Azərbaycanın telekommunikasiya sahəsindəki yenilikləri və əldə edilmiş nəticələr haqqında məlumat verib.

C.Mollazadə bildirib ki, 2003-cü ilə qədər ayrıca iqtisadi sahə kimi mövcud olmayan informasiya kommunikasiya texnologiyaları sektoru prezident İlham Əliyevin bu sahəni neftdən sonra ikinci prioritet sahə elan edəndən sonra güclü inkişafa nail olub. İndi ölkədə yerüstü və simsiz rabitə şəbəkəsi inkişaf edib, elektron hökümət qurulub, Azərbaycan öz telekommunikasiya peykinə malik olan və kosmik sənaye quran ölkələr sırasına daxil olub.

C.Mollazadə seminar iştirakçılarına məlumat verib ki, Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan şəbəkələşmə hazırlığı indeksinə görə əvvəlki mövqeyindən 5 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 56-cı yerə yüksəlib. Həmin hesabata görə, internet istifadəçilərinin sayına görə Azərbaycan MDB ölkələri arasında liderdir, internetin əlçatanlığı göstəricisinə görə isə dünyada 20-ci yerdədir.

C.Mollazadənin Azərbaycan hökumətinin təşəbbüsü ilə həyata keçirilən qlobal layihələr haqqındakı məlumatları iştirakçıların xüsusi marağına səbəb olub. C.Mollazadə "Trans-Avrasiya Super İnformasiya Magistralı" layihəsi (TASİM) barədə danışaraq deyib ki, bu layihə kommukinasiya sahəsində böyük inkişafa malik olan Qərbi Avropa ilə Şərqi Asiyanı birləşdirərək bu magistral üzərində yerləşən təxminən 20 ölkəni əhatə edəcək. O, qeyd edib ki, bu layihə çərçivəsində Xəzəraltı kabel magistralının tikiləcəyi də nəzərdə tutulur.

C.Mollazadə çıxışını ölkəmizdə simsiz internet texnologiyalarının inkişafı ilə bağlı faktlarla davam etdirib.

8-ci GTI seminarı öz işini noiyabrın 21-də yekunlaşdıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti