...

Helen Klark: Azərbaycanın İKT sahəsində həyata keçirdiyi uğurlu layihələr mütərəqqi təcrübə kimi digər ölkələrə də yayılmalıdır

Telekommunikasiya Materials 2 Oktyabr 2014 19:07 (UTC +04:00)
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rəhbəri Helen Klark Azərbaycana səfəri çərçivəsində rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla görüşüb.
Helen Klark: Azərbaycanın İKT sahəsində həyata keçirdiyi uğurlu layihələr mütərəqqi təcrübə kimi digər ölkələrə də yayılmalıdır

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rəhbəri Helen Klark Azərbaycana səfəri çərçivəsində rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla görüşüb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə nümayəndə heyətini səmimiyyətlə salamlayan Ə.Abbasov BMTİP ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, eyni zamanda, bütün sahələrdə, o cümlədən, rabitə və yüksək texnologiyalar sferasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Ölkəmizdə rabitə və yüksək texnologiyalar sahəsinin inkişafı üzrə aparılan islahatlar, həyata keçirilən milli və regional layihələrdən söz açan nazir xüsusilə TASİM-ə toxunaraq, Birləşmiş Millətlər Təşkilatı tərəfindən layihəyə göstərilən dəstəyi, eyni zamanda, BMTİP rəhbərliyi ilə keçirilən müxtəlif səviyyəli görüşlərdə H.Klarkın ölkəmizə münasibətini yüksək qiymətləndirib.

BMTİP rəhbəri də, öz növbəsində, tərəflər arasında qurulan əməkdaşlığın gələcəkdə böyük miqyaslı tərəfdaşlığa çevriləcək layihələrin əsasını qoyduğunu bildirib. Ölkəmizin iqtisadi inkişafında İKT-nin prioritet amil kimi önə çəkildiyindən məmnunluğunu ifadə edən xanım H.Klark Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış "Qlobal informasiya texnologiyaları hesabatı 2014"-də informasiya texnologiyaları sahəsində inkişafı əks etdirən "Şəbəkələşmə hazırlığı indeksi" göstəricisinə görə Azərbaycanın ötənilki mövqeyindən 7 pillə irəliləyərək, 49-cu pillədə qərarlaşmasını yüksək dəyərləndirib.

Ölkəmizin donor kimi aktiv fəaliyyətinə də böyük önəm verən H.Klark xüsusən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin BMTİP ilə tərəfdaşlığı çərçivəsində Əfqanıstandan olan həmkarlarına göstərdiyi dəstəyi diqqətə çatdırıb. Ölkəmizin İKT sahəsində həyata keçirdiyi uğurlu layihələrin mütərəqqi təcrübə kimi digər ölkələrə də yayılmasının vacibliyinə toxunan BMTİP rəsmisi təşkilatın Azərbaycanla qurulan əməkdaşlıq istiqamətlərini daha da genişləndirmək niyyətində olduğunu vurğulayıb.

Görüşdə daha sonra İKT sahəsində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası ilə əməkdaşlıq perspektivləri, eyni zamanda, bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti