Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir Hüseyn Vəliyev/
Dövlət Gömrük Komitəsinin daha iki elektron xidməti "Elektron hökumət" portalında (e-gov.az) vətəndaşların istifadəsinə verilib və bununla da komitənin portalda təqdim etdiyi xidmətlərin sayı 8-ə çatıb.
Bu barədə Trend Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə istinadən məlumat verir.
Portala yeni inteqrasiya olunan xidmətlər aşağıdakılardır:
- Gömrük rəsmiləşdirilməsi üçün müraciət;
- Rəsmiləşdirilmə üçün tələb olunan sənədlərin surətləri.
"Gömrük rəsmiləşdirilməsi üçün müraciət" elektron xidmətindən istifadə etməklə gömrük rəsmiləşdirmələrini onlayn olaraq həyata keçirmək olar.
"Rəsmiləşdirilmə üçün tələb olunan sənədlərin surətləri" adlı xidmətdən istifadə edərək rəsmiləşdirilmə üçün tələb olunan sənədlərin surətlərini göndərmək mümkündür.
Bu xidmətlərdən istifadə üçün gücləndirilmiş elektron imzadan istifadə olunmalıdır.
Qeyd edək ki, cari ilin sentyabr ayı ərzində Dövlət Gömrük Komitəsinin portaldakı e-xidmətlərindən istifadə sayı 826 olub.