Bakı. Elçin Mehdiyev - Trend:
Prezident İlham Əliyev ali və nəcib keyfiyyətlərə sahib, mürəkkəb situasiyanın fonunda xüsusi fəaliyyəti ilə həmrəyliyin və bütövlüyün təmin olunmasına nail olan, özündə bir çox rasional lider keyfiyyətlərini birləşdirən, sahib olduğu bütün resurslardan təmsil etdiyi xalqın mənafeyi üçün istifadə edən liderdir. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev hakimiyyətin legitimliyinə və fərdi xüsusiyyətlərinə görə həm də xarizmatik və rasional-leqal liderdir: "Yəni pozitiv enerji doğurmaq bacarığı olan, sosial fəaliyyətə üstünlük verən, natiqlik və ünsiyyətcillik məharəti ilə, eyni zamanda, ekstraordinar keyfiyyəti ilə fərqlənən liderdir".
Millət vəkili bildirib ki, Prezident İlham Əliyev Azərbaycanın siyasi sisteminə aşağıdakı dəyərləri təqdim etdi: "İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli təqdim etdi. Yəni məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən, siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi. Beləliklə, radikalizmi, siyasi şantaj və ekstremizmi siyasi sistemimizdən çıxartdı. İlham Əliyev siyasi sistemimizə qüsursuz siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi gətirdi. İlham Əliyev demokratiyanın istismarçı siyasi vasitə deyil, milli mədəniyyətimiz və mentalitetimizlə, eyni zamanda, müsəlman sosial-psixoloji kimliyimizlə uzlaşan bir dəyər və yaşam tərzi olduğunu sübut etməklə intellektual əsaslarda yeni demokratik modernist cəmiyyət formalaşdıra bildi. Prezident İlham Əliyev beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bildiyi üçün islamofob dairələrin və antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri "idarə olunan xaos" planını məharətlə pozdu. Xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmadan qorudu. İlham Əliyev islamofobların və infoimperialistlərin müsəlman şərqində uğurla həyata keçirdikləri "lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə" siyasətinin ölkəmizdə həyata keçirilməsinin qarşısını ustalıqla aldı. Bu hücuma qarşı dəqiq və olduqca incə düşünülmüş milli vətənpərvərlik, milli mənəviyyat və milli ailə sipərini çəkdi".
H.Babaoğlu əlavə edib ki, İlham Əliyev "Neft kapitalını intellektual kapitala çevirək" şüarı ilə kreativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirməklə Azərbaycanın gələcək inkişafını təmin etdi: "Prezident İlham Əliyev XXI əsrdə nəhəng transmilli layihələri müstəqilliyimizin təminatçısına çevirdi. Tarixi İpək Yolunu bərpa etmək üçün bütün müqavimətlərə və rəqabətə baxmayaraq, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişinə nail oldu. Bu strateji qərarla türk dünyasını dəmir kəmərlə bir-birinə bağlamaqla onların iqtisadi birliyini təmin etdi. Eyni zamanda, bu layihə Azərbaycanı Asiyaya və Avropaya polad reyslərlə bağladı".
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev XXI əsrin iqtisadi möcüzələri sayıla biləcək TANAP və TAP layihələrini reallaşdırdı: "Bu layihələrin reallaşması üçün diplomatiya tarixində görünməmiş təzyiqlərə, hətta təhdidlərə belə məruz qalmasına baxmayaraq, çox nəhəng ölkələrin dizini yerə gətirdi. Beləliklə, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri layihələrinin müəllifi kimi tarixə düşdü. Ölkəmizdə və xaricdə böyük investisiya layihələri həyata keçirməklə iqtisadiyyatımızın neftdən aslılığına son qoydu. Azərbaycanı kosmik sənaye ölkəsinə çevirdi. Qısacası, Prezident İlham Əliyev xalqımızı tarixi inkişaf mərhələsində keyfiyyətcə yeni eraya çıxarmağı bacardı".