...

Elbay Qasımzadə: Son illərdə Azərbaycanda memarlıq və şəhərsalma sahəsində görülən çox böyük işlərdə Heydər Əliyev Fondunun səyləri və zəhməti ölçüyəgəlməzdir

Nəzər nöqtəsi Materials 2 Mart 2019 12:28 (UTC +04:00)
Son illərdə Azərbaycanda memarlıq və şəhərsalma sahəsində görülən çox böyük işlərdə Heydər Əliyev Fondunun səyləri və zəhməti ölçüyəgəlməzdir.
Elbay Qasımzadə: Son illərdə Azərbaycanda memarlıq və şəhərsalma sahəsində görülən çox böyük işlərdə Heydər Əliyev Fondunun səyləri və zəhməti ölçüyəgəlməzdir

Bakı. Trend:

Son illərdə Azərbaycanda memarlıq və şəhərsalma sahəsində görülən çox böyük işlərdə Heydər Əliyev Fondunun səyləri və zəhməti ölçüyəgəlməzdir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə çıxışı zamanı deyib.

Elbay Qasımzadə bildirib ki, son illərdə Azərbaycanda memarlıq və şəhərsalma sahəsində çox böyük işlər görülüb - şəhərlərimizin abadlığı, yeni-yeni memarlıq əsərlərinin yaranması, tarixi irsimizin qorunub saxlanılması, memarlıq abidələrinin bərpası: "Bu işlərdə Heydər Əliyev Fondunun səyləri və zəhməti ölçüyəgəlməzdir. Bizim ölkəmizin Mədəniyyət Nazirliyinin abidələrə olan diqqəti, Sizin Sərəncamınızla nazirliyin tərkibində yaranmış Dövlət Xidməti, bunlar hamısı, əlbəttə ki, tarixi irsimizin qorunub saxlanılması üçün çox böyük zəmindir. Bunu təkcə biz yox, bizim beynəlxalq peşəkar qurumlar da görürlər. Ötən ilin mart ayında Siz Beynəlxalq Memarlar İttifaqının rəhbərliyini qəbul edərkən bu yüksək qiymətləri onların özlərindən eşitdiniz. Onlar bunu söylədilər və inanın ki, biz o görüşdən ayrılandan sonra Sizin memarlıq, memarlıq sənəti haqqında yüksək peşəkarlıq səviyyəsində verdiyiniz məlumat onlara çox böyük təəssürat bəxş etdi. Bunun sayəsindədir ki, Azərbaycan memarlığı bu gün dünyada tanınır. Beynəlxalq Memarlar İttifaqının 134 üzvü var. Yalnız 25 nəfər Şuranın üzvü var və onlardan biri də Azərbaycan təmsilçisidir. Bu, həqiqətən böyük nailiyyətdir. Bu nailiyyətə biz Sizin səyləriniz nəticəsində gəlib çıxmışıq".

O xatırladıb ki, bu il iyun ayının 7-dən 11-nə qədər Bakıda tarixi şəhərlər və turizm mövzusunda beynəlxalq forum keçiriləcək: "Bu forum Sizin dəstəyinizlə keçirilir. Əlbəttə, biz xoşbəxt olarıq ki, o forumun açılışında hər ikiniz iştirak edəsiniz, imkanınız, vaxtınız olsa. Bu forumdan sonra ayın 11-də Beynəlxalq Memarlar İttifaqının Baş Assambleyası keçiriləcək. Bu assambleyanın təşkil olunması üçün adətən müsabiqə keçirilir. Bu dəfə Beynəlxalq Memarlar İttifaqının rəhbərliyi qərara gəlib ki, bunu Bakıda müsabiqəsiz keçirsin. Bizim Şuranın növbəti iclasında bəzi üzvlər məsələ qaldırdılar ki, niyə müsabiqəsiz olur, niyə Azərbaycanda olmalıdır? Yəni, gəlin müsabiqə elan edək, kim qalib gələrsə, bunu götürər. Sizin artıq tanıdığınız Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonier dedi ki, mən sizə bir sual verəcəyəm, əgər mənə cavab verə bilsəniz, mən bu mövzunu davam etdirərəm. Soruşdu ki, neçə illərdir hamınız Beynəlxalq Memarlar İttifaqının rəhbərliyindəsiniz və üzvüsünüz. Mənə deyin görüm, Azərbaycandan başqa hansı ölkədə Beynəlxalq Memarlar İttifaqının rəhbərliyini cənab Prezident qəbul edib. O dəqiqə mübahisə aradan qaldırıldı".

Memarlar İttifaqı İdarə Heyətinin sədri bu tədbirə çox ciddi şəkildə hazırlaşdıqlarını vurğulayıb: "Tədbiri biz Bakı Media Mərkəzi ilə birgə hazırlayırıq. Bilirsiniz ki, bu tədbirdən sonra iyul ayında Bakıda UNESCO-nun Tarixi İrs Komitəsinin sessiyası keçiriləcək. Əlbəttə ki, bunların hamısı Sizin bu ixtisasa, bu sənətə göstərdiyiniz qayğı və diqqətin nəticəsidir. Mən də heç bir xahişlə müraciət etməyəcəyəm. Mənim, sadəcə bir-iki təklifim var. Bu gün Bakının mərkəz hissəsində çox böyük abadlıq işləri aparılır, tarixi mərkəzində binalar bərpa olunur, təmir edilir. Siz də çıxışınızda çox gözəl vurğuladınız ki, son vaxtlar şəhərsalma problemlərinə çox böyük diqqət yetirilir. Çünki Siz çox gözəl bilirsiniz ki, şəhərsalma dövlətin sosial proqramının əsasını təşkil edən bir amildir. Bizim şəhərimizin tarixi mərkəzinin sərhədləri müəyyənləşməyib. Bakının tarixi mərkəzi var. Mütləq bunun sərhədləri müəyyənləşməlidir. Bu gün Bakının tarixi mərkəzi dörd inzibati rayonun arasında bölünüb. Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonları. Nə qədər bunlara mərkəzdən rəhbərlik olunsa da, aydın məsələdir ki, dörd rəhbərin, dörd komandanın hərəsinin bu işə baxışı müxtəlifdir. Mən təklif edirəm o sərhədlər müəyyənləşsin və Bakının tarixi mərkəzi əsasında xüsusi ərazi vahidi yaransın. Mərkəzi rayon - bu təcrübə başqa paytaxtlarda var, Moskvada da var. Bunu etsək, orada tətbiq olunan qanunlar, normalar, əlbəttə, başqa yerlərdən fərqlənəcək".

E.Qasımzadə əlavə edib ki, Yeni Yasamalla Bakının tarixi mərkəzində tələblər eyni ola bilməz: "Bu, təbiidir. Onda Sizin istədiyinizə, Bakının tarixi mərkəzinin qorunub saxlanılmasına biz mütləq nail ola bilərik. İkinci məsələ. Burada yaradıcı ittifaqların rəhbərləri oturublar, məncə bu məsələ onlara da çox yaxındır. Bu gün yaradıcılıq ittifaqlarının fəaliyyəti Azərbaycan Respublikasının “Qeyri-hökumət təşkilatları haqqında” Qanunu ilə tənzimlənir. Məncə bu, üzr istəyirəm, bir qədər ədalətsizdir. Çünki biz yaradıcı ittifaqlar dövlətin siyasətini dəstəkləyərək yaradıcılıqla, quruculuqla məşğuluq. Amma həmin qanun çərçivəsində bir çox təşkilatlar var ki, onlar əks fəaliyyətlə məşğuldurlar. Mən bilirəm ki, dörd il bundan öncə Milli Məclisdə “Yaradıcılıq birlikləri haqqında” Qanunun hazırlanması başlamışdı. Mən müəyyən qədər orada iştirak etmişəm, məsləhətlərimi vermişəm. Sonra o qanunun hazırlanması dayandı. Düşünürəm ki, bu gün elə bir qanunun qəbul olunması həm yaradıcılıq ittifaqlarının statusunu qaldırar, həm onlardan olan fayda başqa ictimai təşkilatlardan fərqlənər və bunu hamı görər ki, yaradıcı kimdir, dağıdıcı kimdir. Məncə bunu bərpa etmək lazımdır.

Sonuncu, bəlkə də xahişdir, demişdim ki, etməyəcəyəm. Amma bu, elə bir xahişdir ki, mən bilirəm, Sizin ürəyinizcə olacaq. Bakının müasir dövrdə, yəni, XX əsrdə memarlıq simasının formalaşmasının iki banisi olub - Sadıq Dadaşov və Mikayıl Hüseynov. Bakıda Zivər bəyin heykəli var, amma bu iki nəfərin heykəli yoxdur. İcazənizlə biz onun layihəsini hazırlayarıq. Biz Ömər müəllimlə bir yerdə bu layihə üzərində bir müddət işləmişik, onu təqdim edək. Xahiş edirəm, bu iki böyük şəxsiyyətə Bakıda mütləq abidə qoyulsun. Çox sağ olun. Sizə uğurlar, cansağlığı arzu edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti