Azərbaycan, Bakı, 18 may /Trend, müxbirlər V.İmanov, E.Mehdiyev/
İsrailin "Eurovision-2012" təmsilçiləri və müsabiqənin birinci yarımfinalında "Time" kompozisiyası ilə çıxış edəcək "İzabo" rok-qrupunun solistləri Trend-ə eksklüziv müsahibə veriblər. Məlum olub ki, qrupun lideri Ran Şemtov özünü yarıazərbaycanlı hesab edir.
"Biz ilk dəfədir Bakıya gəlirik. Şəhərinizin gözəlliyinə və əzəmətinə heyranıq. Mənim üçün bu, ikiqat xoşdur, axı mənim babam Bakıdandır. Ona görə də özümü yarıazərbaycanlı hesab edirəm. Məgər gözlərimi görmürsünüz? Məgər mən azərbaycanlıya oxşamıram?", - Ran Şemtov gülümsəyərək deyib.
"Yadımdadır, hələ uşaq olanda atam mənə azərbaycanca bir neçə söz öyrətmişdi. Odur ki, öz ailəmi də azərbaycanlı hesab edirəm", - müğənni əlavə edib.
"İzabo" qrupunun liderinin sözlərinə görə, onun üçün ulu babalarının tarixi vətənində çıxış etmək və ölkəni nüfuzlu musiqi müsabiqəsində təmsil etmək böyük şərəfdir.
"Mən Bakıda çoxlu gözəl və mehriban adamlar gördüm. Burada dadına baxdığım Azərbaycan xörəkləri mənim üçün yenilik deyil, çünki belə xörəklər mənim evimdə də hazırlanır və mən onları çox sevirəm", - müğənni deyib.
Ran Şemtov qeyd edib ki, Avropa musiqi yarışında ciddi mübarizə var.
"Mən qrupumuzun uğuruna inanıram. Bizim kompozisiya rok-band üslubunda təqdim olunur və ümid edirəm ki, o, tamaşaçıların xoşuna gələcək. Görək kim qalib gələcək", - Şemtov deyib.
Qrup iştirakçılarının sözlərinə görə, onlar Quba rayonunun Qırmızı Qəsəbəsinə səfər edəcək və orada yəhudi icmasının nümayəndələri ilə görüşəcəklər.