...

Orta Dəhlizə daha üç ölkə qoşulacaq - Haydar Abdikerimov

Informer Materials 27 Aprel 2023 20:25 (UTC +04:00)
Orta Dəhlizə daha üç ölkə qoşulacaq - Haydar Abdikerimov
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin ikinci yarısından Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz və ya TBNM) daha üç ölkə - Sinqapur, Bolqarıstan və Litva - qoşulacaq.

Trend cümə axşamı xarici mediaya istinadən xəbər verir ki, bunu TBNM Assosiasiyasının baş katibi Haydar Abdikerimov Almatıda keçirilən "Asia Grain Conference" beynəlxalq konfransında deyib.

Onun sözlərinə görə, həmçinin Avstriya, Macarıstan və Almaniyanın da qoşulacağı gözlənilir, fransız ekspeditorları da çox aktiv şəkildə maraqlanırlar.

"Yaxın beş il ərzində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (TBNM) infrastruktura və effektivliyin artırılmasına beş milyard avroya yaxın investisiya qoyulacaq. TBNM Mərkəzi Asiya istehsalçılarının Türkiyə, Şimali Afrika və Cənubi Avropa ölkələri istiqamətində dünya bazarlarına inteqrasiyasında mühüm rol oynayır", - o deyib.

Baş katib TBNM-in təşəbbüskarlarının Azərbaycan, Qazaxıstan və Gürcüstan olduğunu xatırladıb.

"Marşrutun məqsədi Çin, Qazaxıstan kimi ölkələrin ərazisindən, Xəzər dənizi ilə Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna, Polşa, Rumıniya ərazisindən yük tranzitinin təmin olunmasından ibarətdir. Bu səkkiz ölkə 2017-ci ildən etibarən layihə çərçivəsində işlər görürlər. Bu ilin ikinci yarısından başlayaraq onlara daha üç ölkə - Sinqapur, Bolqarıstan və Litva - qoşulacaq. Bundan başqa, Avstriya, Macarıstan və Almaniyanın da qoşulacağını gözləyirik, fransız ekspeditorları da çox aktiv şəkildə maraqlanırlar", - o deyib.

Abdikerimov, həmçinin bildirib ki, TBNM çərçivəsində taxıl ixracının əsas istiqaməti Türkiyə, xüsusən iri taxıl birjasının yerləşdiyi Mersin limanıdır, çatdırılan mallar buradan Məğrib, Yaxın Şərq və Şimali Afrika ölkələrinə paylanılır.

Qeyd edək ki, 2022-ci ildə TBNM ilə yük daşımalarının ümumi həcmi 1,485 milyon ton olub ki, bu da 2021-ci illə müqayisədə 2,5 dəfə və ya 898 min ton çoxdur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti