...

Türkmənistanda parlament seçkilərinin nəticələri elan edilib

Dünya xəbərləri Materials 20 Dekabr 2008 22:09 (UTC +04:00)

Şənbə günü keçirilən Türkmənistanın Mərkəzi Seçki Komissiyasının iclasında dekabrın 14-də ölkədə baş tutmuş parlament seçkilərinin yekun nəticələri elan edilib. Türkmənistan televiziyasının xəbərlər buraxılışında MSK-ya istinadən bildirilib ki, "parlament seçkiləri alternativlik, aşkarlıq və şəffaflıq şəraitində keçirilib və Türkmənistanın demokratik inkişaf və islahatlar yoluna sadiqliyini təsdiqləyib". MSK-nın məlumatına əsasən, 2118 seçki məntəqəsində 2 milyon 594 min 658 nəfər səs verib ki, bu da səsvermə hüququ olan vətəndaşların 93,87%- ni təşkil edib. Dairə seçki komissiyalarının yekun məlumatlarına görə, 287 namizəddən yeni çağırış parlamentə 123 deputat seçilib. Bu barədə İnterfaks agentliyi yazır.

Türkmənistan Konstitusiyasına edilən dəyişikliklərə əsasən, parlamentin deputatlarının sayı 65-dən 125-ə qədər yüksəlib.

Beləliklə də, daha iki deputat seçilməlidir. Belə ki, bir halda namizədlərin heç biri lazım olan miqdarda səs toplaya bilməyib (50% + 1 səs), digər halda isə qalib gələn namizəd ailə vəziyyəti ilə əlaqədar deputat statusundan imtina edib. Birinci halda daha çox səs toplamış iki namizəd arasında dekabrın 28-də təkrar seçkilərin keçirilməsi qərara alınıb. İkinci halda isə seçkilər 2009-cu il fevralın 8-nə təyin edilib.

İlk dəfə olaraq Türkmənistanın seçki kampaniyasının monitorinqində prezident Qurbanqulı Berdımuxamedovun təşəbbüsü ilə dəvət edilən 60 beynəlxalq müşahidəçi və ekspert iştirak edib.

Xəbər lenti

Xəbər lenti