Gürcüstan, Tbilisi, 5 noyabr /Trend, müxbir Nana Kirsxaliya/
Gürcüstanın xarici işlər naziri Mayya Pancikidze tutduğu postdan istefa verib. O, istefa verməsi haqqında bəyanatla XİN-dəki xüsusi brifinqdə çıxış edib.
Nazirin sözlərinə görə, o, bu addımı onun Azad Demokratlar Partiyasının lideri İrakli Alasaniyanın müdafiə naziri postundan kənarlaşdırılmasından sonra atıb.
Pancikidze hakim "Gürcü arzusu" koalisiyasından da çıxdığını bəyan edib: "Belə şəraitdə aydındır ki, müdafiə nazirini siyasi motivlərə görə təqib edirdilər və bu, Gürcüstan hökumətində qərbyönümlü qüvvələrə hücumdur".
O, qeyd edib ki, iki il ərzində nazir postunda çox iş görməyə nail olub.
Pancikidze ilə birlikdə onun müavinləri David Zalkaliani, Tamar Beruçaşvili və David Calaqaniya da postlarını tərk ediblər.