Azərbaycan, Bakı, 25 noyabr /Trend/
Amerikanın Ferqyuson şəhərində silahsız yeniyetməni güllələyən polis barəsində andlıların ittiham irəli sürməməklə bağlı qərarına etiraz edən nümayişçilərdən 29 nəfəri saxlanılıb. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
Yerli polisin "Twitter" hesabında yerləşdirilən məlumatda deyilir: "Hələlik Ferqyuson ətrafında saxlanılan 29 nəfər yoxlanılıb".
Bundan başqa, CNN xəbər verir ki, Missuri ştatının qubernatoru Cey Nikson Ferqyusona ABŞ Milli Qvardiyasının əlavə qüvvələrinin göndərilməsinə dair sərəncam verib.
Xatırladaq ki, bazar ertəsi andlılar kollegiyası avqustda silahsız qara dərili amerikalı yeniyetməni güllələyən polis barəsində ittiham irəli sürməkdən imtina edib. Qərar elan edildikdən dərhal sonra Ferqyusonda etiraz aksiyaları başlayıb. Etiraz aksiyasının iştirakçılarına polis cavab olaraq tüstü bombaları, gözyaşardıcı qaz tətbiq edib. Yerli KİV etirazçıların mağazaların vitrinlərini sındırdıqlarını, qarət və yanğınlar törətdiklərini yazır.