Təfərrüatlar əlavə olunub (ilk xəbər martın 13-də saat 21:08-də yayılıb)
Bakı. Trend:
Türkiyənin paytaxtı Ankarada baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı artıb.
Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, Türkiyənin səhiyyə naziri bildirib ki, güclü partlayış nəticəsində ölənlərin sayı 34 nəfərə, yaralananların sayı isə 125 nəfərə çatıb.
X X X
"Reuters" xəbər agentliyi Türkiyə təhlükəsizlik qüvvələrinə istinadən məlumat verir ki, Ankarada baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb, 75 nəfər xəsarət alıb.
X X X
Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, Ankara valiliyi hadisə nəticəsində 27 nəfərin öldüyü, 75 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləti aldığını bəyan edib. Ölənlərin sayının artacağı istisna olunmur.
X X X
"Reuters" xəbər agentliyi Türkiyə təhlükəsizlik qüvvələrinə istinadən xəbər yayıb ki, hadisədə PKK terror təşkilatının və ya bu təşkilatla əlaqəsi olan qrupların əli var.
X X X
Qızılay meydanında avtobus dayanacağında avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun işə salınması nəticəsində baş vermiş partlayışın gücündən yaxınlıqdakı avtomobil və binalar zərər görüb.
Hadisə yerinə təhlükəsizlik qüvvələri və çoxlu sayda təcili tibbi yardım maşını cəlb olunub. Hazırda polis ərazini boşaldıb, yaxınlıqdakı küçələrdə, avtomobil yollarında hərəkət məhdudlaşdırılıb.
FOTO - "Hürriyyət" qəzeti
VİDEO - DHA agentliyi