Bakı. Trend:
Livanın paytaxtı Beyrut ötən gün baş verən partlayışdan sonra fəlakət bölgəsi elan edilib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Livannın Ali Müdafiə Şurasının ölkə prezidenti Meşil Aunun sədrliyi ilə keçirilən təcili iclasından sonra edilən açıqlamada bildirilib.
Açıqlamada deyilir: "Müdafiə Şurası hadisənin araşdırılması üçün xüsusi komissiyanın yaradılması barədə qərar qəbul edib, xüsusi komissiyanın hesabatı yaxın beş gün ərzində hazırlanmalıdır".
Müdafiə Şurası həmçinin şəhərdə avqustun 4-dən 18-dək fövqəladə vəziyyət rejimi elan edib.
Ali Müdafiə Şurasının iclasında çıxış edən baş nazir Həsən Diyab bildirib ki, partlayışda günahkar olanların hamısı məsuliyyətə cəlb ediləcək və cəzalandırılacaq: "Limanda 6 il ərzində 2 750 ton ammonium nitratının saxlanması və liman səlahiyyətliləri tərəfindən heç bir profilaktik tədbirin görülməməsi tamamilə yolverilməzdir".
Xatırladaq ki, ötən gün Livanın paytaxtı Beyrutun limanında güclü partlayış baş verib. Partlayış nəticəsində 78 nəfər həlak olub, 4 min nəfər isə xəsarət alıb.
Partlayış limanın 2700 ton ammonyak selitrası (ammonium nitratı) saxlanılan anbarında qaynaq işləri aparılarkən baş verib.