Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putin və Misir Prezidenti Əbdülfəttah əs-Sisi arasında telefon danışığı baş tutub.
Trend-in məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, tərəflər telefon danlışığı zamanı iki ölkə arasındakı münasibətləri müzakirə ediblər.
"Rusiya-Misir münasibətlərinin aktual məsələlərinin müzakirəsi davam etdirilib. Liderlər müxtəlif sahələrdə, o cümlədən Misirdə ilk "Əl-Dəbaa" nüvə elektrik stansiyasının tikintisi və Süveyş kanalı regionunda Rusiya sənaye zonasının yaradılması da daxil olmaqla, ikitərəfli əməkdaşlığın səviyyəsini yüksək qiymətləndiriblər", - deyə mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, Misir 2022-ci ilin iyununda keçiriləcək Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda qonaq ölkə kimi iştirak edəcək.
"Bəzi beynəlxalq mövzulara da toxunulub. Rusiya və Misirin Liviyada siyasi nizamlanmaya yanaşmalarının yaxın olduğu bildirilib. Dövlət başçıları bir-birlərini Yeni il münasibətilə səmimi qəlbdən təbrik ediblər. Vladimir Putin və Əbdülfəttah əs-Sisi yaxın təmasları davam etdirmək barədə razılığa gəliblər", - deyə məlumatda qeyd edilir.