Bakı. Trend:
Ankara Finlandiya və İsveçin NATO-ya üzv olmasına razı olmayacaq, çünki hər iki ölkə Türkiyənin terror təşkilatlarında üzvlükdə şübhəli bilinən şəxslərin ekstradisiya tələbini yerinə yetirməkdən imtina edib.
Trend türk KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairli həmkarı Əbdülməcid Tebbun ilə birgə mətbuat konfransında bildirib.
Dövlət başçısının sözlərinə görə, hər iki ölkə terror təşkilatlarına qarşı olduğunu desələr də, terrorçuları təslim etməyəcəkləri ilə bağlı bəyanatlar var.
R.T. Ərdoğan həmçinin ölkəyə səfər edəcək İsveç və Finlandiya nümayəndə heyətlərinin heç bir nəticəyə nail ola bilməyəcəklərini bildirib.
"Bizi razı salmağa gələcəklər. Özlərinə əziyyət verib gəlməsinlər. Türkiyəyə qarşı sanksiya tətbiq edənlərə təhlükəsizlik təşkilatı olan NATO-ya üzv olmaq üçün “hə” demərik", - Türkiyə prezidenti bildirib.