Bakı. Trend:
ABŞ Ticarət Nazirliyi Çin Xalq Azadlıq Ordusunun aerostatların tətbiqi proqramları ilə əlaqəli olduğu iddia edilən 6 Çin strukturuna qarşı ixrac məhdudiyyətləri tətbiq etmək qərarına gəlib.
Trend xəbər verir ki, bu barədə Federal Reyestrdə - Amerika hökumətinin rəsmi sənədlər toplusunda yerləşdirilən sənəddə deyilir.
"ABŞ hökuməti bu 6 təşkilatın hərəkətlərinin ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasətinin maraqlarına zidd olduğu qənaətinə gəlib", - deyə sənəddə bildirilir.
ABŞ hakimiyyətinin fikrincə, bu strukturlar Çin ordusunun modernləşdirmə işlərinə, xüsusən də Çin Xalq Azadlıq Ordusunun “hava gəmiləri və şarlardan” istifadə ilə bağlı aerokosmik proqramlarına dəstək verdiyi üçün “qara siyahı”ya salınıb.