Bakı. Trend:
Rusiyanın Rostov-na-Donu şəhərində naməlum şəxs ticarət mərkəzində travmatik silahla atəş açıb, iki nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə yerli hüquq-mühafizə orqanlarından bildiriblər.
Məlumata əsasən, cinayətkar hazırda axtarışa verilib.
"Naməlum cinayətkar Rostov-na-Donu, Korolev prospekti 10/4 ünvanında yerləşən mağazanın ərazisində olarkən qəfil münaqişə zamanı travmatik silahdan istifadə edərək 1980-ci il təvəllüdlü kişi və 2003-cü il təvəllüdlü kişiyə odlu silahdan atəş açaraq bədən xəsarətləri yetirib", - deyə bildirilib.
Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Baş İdarəsindən bildirilib ki, faktla bağlı araşdırma aparılır, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi üzrə ("Xuliqanlıq") cinayət işi başlanıb.