...

Böyük Britaniyada təcili yardım xidmətinin minlərlə əməkdaşı tətilə çıxıb

Dünya xəbərləri Materials 20 Fevral 2023 17:00 (UTC +04:00)
Böyük Britaniyada təcili yardım xidmətinin minlərlə əməkdaşı tətilə çıxıb

Bakı. Trend:

Böyük Britaniyada təcili yardım xidmətinin əməkdaşları böyükmiqyaslı tətillərə qoşulublar.

Trend bu barədə Sky News telekanalına istinadən xəbər verir.

Telekanalın məlumatına görə, tətil iştirakçıları ölkədəki yüksək inflyasiya fonunda əməkhaqlarının qaldırılmasını tələb edirlər.

"Biz sadəcə hakimiyyətin danışıqlar masasının arxasına keçərək bizimlə danışmasını istəyirik. Həmkarlar ittifaqımızın üzvləri qətiyyətlidirlər, lakin bizimlə heç kimin danışmaması onları məyus edib", - GMB həmkarlar ittifaqının nümayəndəsi Naycel Bisli deyib.

Telekanalın verdiyi xəbərə görə, bazar ertəsi tətildə təqribən 11 min GMB üzvü iştirak edəcək. Onlar illik hesablamada 10,1%-ə çatan inflyasiya səviyyəsinə uyğun olaraq əməkhaqlarının artırılmasında təkid edirlər.

İnflyasiyanın kəskin artımı, real gəlirlərin və əhalinin həyat səviyyəsinin azalması nəticəsində baş verən irimiqyaslı tətillər dalğası ötən ilin sonlarından Birləşmiş Krallığı əhatə edib. Tətillərdə tibb işçiləri, dəmir yolu işçiləri, poçtalyonlar, məktəb və ali təhsil ocaqlarının müəllimləri, gömrük işçiləri və bir sıra digər peşələrin nümayəndələri iştirak edir. Britaniya hökuməti dəfələrlə dövlət sektorunda vəzifə tutan şəxslərin əməkhaqlarını inflyasiya səviyyəsinə uyğun olaraq artıra bilməyəcəyini bildirib, belə ki, bu kimi tədbirlər ölkədə qiymətlərin daha da artmasına gətirib çıxaracaq və büdcə üçün hədsiz yük yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti