Bakı. Trend:
Türkiyə Poli Vinil Xlorid (PVC) stabilizator məhsulları qrupunun qlobal bazar lideri Akdeniz Chemson, Çin bazarında artan tələbi ödəmək üçün yeni bir investisiyaya imza atıb.
Trend-in TurkicWorld-a istinadən məlumatına görə, OYAK Qrup şirkətlərindən biri olan Akdeniz Chemson Çinin Ciciang əyalətinin Hucou şəhərində illik istehsal gücü 30 min ton olan fabriki istifadəyə verib.
OYAK-ın baş direktoru Süleyman Savaş Erdem, Akdeniz Chemsonun Çinə sərmayə qoymasının OYAK-ın son illərdəki vizyonu və davamlı böyümə strategiyasının nəticəsi olduğunu ifadə edib.
“Davamlılığı və gəlirliliyi daim diqqət mərkəzində saxlayan OYAK, Akdeniz Kimya ilə Chemson-u, "Akdeniz Chemson" markası adı altında birləşdirdi. Bu böyük addımla Akdeniz Chemson, Global (AC Global) PVC stabilizatorları sahəsində beş qitədə fəaliyyət göstərən dünyanın ən böyük şirkəti oldu”, - deyə baş direktor bildirib.
Qeyd edək ki, obyektin yerləşdiyi Hucou şəhəri Çinin şərq sahilində, ölkənin ən mühüm istehsal mərkəzlərindən biri olan Yangzi çayının (Gök Irmak) sahilində yerləşir. Şəhər Çinin və regionun ən böyük idxal və ixrac limanlarından ikisi olan Şanxay və Ninqbo limanlarının yaxınlığında yerləşir.
Şəhər mərkəzindən təxminən 30 kilometr aralıda yerləşən Hiping qəsəbəsində qurulan Akdeniz Chemson obyekti 20 min kvadratmetr sahəni əhatə edir. Obyekt abadlıq-quruculuq işləri düzgün qurulmuş sənaye zonasında, nəqliyyat və infrastruktur imkanlarının əlverişli olduğu yerdə yerləşir.
Laboratoriyası, istehsal xətləri və anbarları ilə fəaliyyətə başlayan müəssisədə kalsium-sink və üzvi əsaslı, yeni nəsil stabilizatorlar istehsal olunur.