Bakı. Trend:
HƏMAS atəşkəs müddətində girovların azad edilməsinə dair şərtlərə riayət etməyib və İsrail ərazisinə raketlərlə atəş açıb.
Trend xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
Qeyd olunub ki, İsrail hökumətinin məqsədləri girovların azad edilməsi, HƏMAS-ın likvidasiyası və Qəzza zolağında İsrail sakinləri üçün bir daha heç vaxt təhdid olmayacağına dair təminat əldə edilməsidir.
Xatırladaq ki, İsraillə HƏMAS arasında 24 noyabrdan müvəqqəti atəşkəs elan olunub. Atəşkəsin uzadılacağı təqdirdə, HƏMAS 20 israilli girovu, İsrail tərəfi isə 60 fələstinlini azad edəcəyini açıqlayıb.
Qeyd edək ki, bir qədər əvvəl "Wall Street Journal" İsrail və HƏMAS-ın humanitar atəşkəsi uzatmağa razılaşdığı barədə məlumat yaymışdı.
Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.