Bakı. Trend:
Almaniya ABŞ-nin Ukraynaya 50 milyard dollar yardım ayırmaq üçün dondurulmuş Rusiya aktivlərindən daxil olacaq gəlirlərdən istifadə üzrə planını dəstəkləməyə hazırdır.
Trend xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən yazıb.
Məlumata görə, ABŞ-nin təklifi əsas məbləğə toxunmadan aktivlərdən əldə olunan faizlərin istifadəsini nəzərdə tutduğundan, Avropa ölkələri, o cümlədən Almaniya tərəfindən müsbət qarşılanıb.
Təklifin "Böyük Yeddilik" (G7) ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin 23-25 may tarixlərində İtaliyada keçiriləcək görüşündə müzakirə olunacağı gözlənilir.
Qeyd edək ki, Ukraynada münaqişə başlayandan Avropa İttifaqı (Aİ), ABŞ və Yaponiya Rusiyanın 300 milyard dollar dəyərində aktivlərini dondurub. Bu aktivlərin 5-6 milyard dolları ABŞ-dədir. ABŞ Konqresi bu yaxınlarda Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya yardım üçün müsadirəsi haqqında qanun layihəsini təsdiqləyib.