İstanbul. Trend:
ABŞ İranın nüvə proqramı ilə əlaqədar davam etdirilməkdə olan diplomatik prosesə zərbə vurub.
Trend-in məlumatına görə, bunu İranın xarici işlər naziri Seyid Abbas Araqçi bu gün İstanbulda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İranın nüvə proqramı ilə əlaqədar ABŞ ilə dolayı şəkildə müzakirələr apardığı halda, İran hücuma məruz qaldı. Belə ki, Birləşmiş Ştatlar dialoq istiqamətindən çıxaraq İsrailin İranın dinc məqsədli nüvə obyektlərinə hücumunu dəstəkləyib.
Araqçi bildirib ki, bu addımlar qarşı tərəfin diplomatiya tərəfdarı olmadığını və sadəcə hədə və güc dilindən anladığını göstərir. Bu isə dünya üçün çox təhlükəli və nigaranedici strategiyadır.
İran xarici işlər naziri deyib ki, ABŞ-nin İrana hücumu əslində BMT əsasnaməsini hədəf alıb.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Xatırladaq ki, ötən gecə ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.