İstanbul. Trend:
İran qərb ölkələrinə heç vaxt, hətta onlarla müzakirə apardığı zaman etibar etməyib.
Trend-in məlumatına görə, İranın xarici işlər naziri Seyid Abbas Araqçi bu gün İstanbulda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda da çoxsaylı müxtəlif və aydın səbəblər mövcuddur ki, İranın bu etibar etməməsini gücləndirir.
Araqçi bildirib ki, İranın baxışınca, danışıqlar prinsipi qəbul olunmuş istiqamətdir. Lakin hazırda qərb tərəfləri ilə müzakirələrə qayıtmaq formatı haqda qərar verilməsi və yaxud danışıqların yeni prosesinə daxil olmağa şərait yoxdur.
İranlı nazir deyib ki, İran tərəfi İrana edilən hücumlara uyğun reaksiya verilməsini gözləyəcək. Yalnız İrana qarşı hücumlar dayandığı halda, diplomatik istiqamətlər və danışıqların yenidən başlanmasının mümkünlüyü haqda qərar veriləcək.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Xatırladaq ki, ötən gecə ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.