Bakı. Trend:
Rusiya dövlət kosmik agentliyi “Roskosmos” 2036-cı ilə qədər Ay səthində nüvə elektrik stansiyası inşa etməyi planlaşdırır. Bu məqsədlə Lavochkin Assosiasiyası aerokosmik şirkəti ilə artıq müqavilə imzalanıb.
Trend xarici KİV-ə istinadla xəbər verir ki, yeni stansiya Rusiya Ay proqramının, o cümlədən, roverlərin, rəsədxananın və Rusiya ilə Çin arasında planlaşdırılan Beynəlxalq Ay Tədqiqat Stansiyasının enerji təminatını qarşılayacaq.
“Roskosmos” bildirib ki, bu layihə daimi fəaliyyət göstərən elmi Ay stansiyasının yaradılması və bir dəfəlik missiyalardan uzunmüddətli tədqiqat proqramına keçid baxımından mühüm mərhələdir.
Qeyd edək ki, Korporasiyanın rəhbəri Dmitri Bakanov daha əvvəl məqsədlərinin yalnız Ayda nüvə stansiyası qurmaqla bitmədiyini, eyni zamanda Veneranın da elmi araşdırılmasının planlaşdırıldığını bildirmişdi.
