Bakı. Trend:
İsraildə Qüds yaxınlığında yerləşən xristian monastrından 1400 ilə yaxın tarixi olan qızıl sikkələr aşkarlanıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin Ərazilərdə Hökumət İşləri üzrə Əlaqələndiricisinin (COGAT) ofisi məlumat yayıb.
Məlumata görə, eramızın IV - VII-ci əsrlərinə, Bizans dövrüna aid 2 qızıl sikkə və üzük İuda səhrasında, Qüsdən təxminən 17 kilometr cənub-şərqdə, indiki İordan çayının qərb sahilində yerləşən Hirkania arxeoloji ərazisində tapılıb.
Sikkələrin bir üzündə xaç təsviri, digər üzündə isə 610–641-ci illərdə hökmranlıq etmiş Bizans imperatoru Herakliyin portreti yer alır.
Tapıntı barədə məlumat dünən, Milad ərəfəsində açıqlanıb, lakin artefaktların ilk dəfə nə vaxt aşkar edildiyi bildirilməyib.
