Bakı. Trend:
Almaniyada ictimai nəqliyyat şirkətlərində çalışan işçilərin əməkhaqqı və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə başlatdıqları xəbərdarlıq tətili ölkənin böyük hissəsində nəqliyyat xidmətlərini demək olar ki, tam dayandırıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın ən iri həmkarlar ittifaqlarından olan Birləşmiş Xidmət Sektoru Həmkarlar İttifaqının çağırışı ilə işəgötürənlərə təzyiq göstərmək məqsədilə təxminən 150 bələdiyyə nəqliyyat şirkətinin əməkdaşları 24 saatlıq tətilə başlayıblar.
Tətil səbəbindən ölkə üzrə avtobus, metro və tramvay reysləri böyük ölçüdə dayandırılıb, milyonlarla sərnişin fevralın 3-ü saat 03:00-dək davam edəcək aksiyadan təsirlənib.
Tətil Almaniya üzrə müşahidə olunan kəskin soyuqlar və buzlanma riski ilə eyni vaxta təsadüf edib. Milyonlarla vətəndaş işə getmək üçün alternativ yollar axtarmağa məcbur qalıb. Hüquqşünaslar isə nəqliyyatla bağlı risklərin işçinin məsuliyyəti olduğunu və tətilin işə gecikmək üçün əsaslı bəhanə sayılmadığını bildiriblər.
