Bakı. Trend:
ABŞ-də 21 yaşlı kişi elit butikdən 1 milyon dollardan çox məbləğdə dizayner mallarının oğurlanmasında şübhəli bilinərək saxlanılıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Polisin məlumatına görə, Abdalla Diabi və maskalı üç şəriki butikə daxil olaraq “Saint Laurent” brendinə məxsus təxminən 20 ədəd gödəkçə, 30 çanta, 20 kəmər və digər lüks əşyaları oğurlayıblar.
Şübhəlilər əvvəlcədən hazırlanmış plan əsasında hərəkət ediblər: onlar gümüşü rəngli Ford markalı yolsuzluq avtomobili ilə hadisə yerinə gəlib, binaya daxil olmaq üçün taxtapuşdan və nərdivandan istifadə ediblər.
Bütün hadisə müşahidə kameraları tərəfindən qeydə alınıb və əməliyyat təxminən dörd yarım dəqiqə çəkib.
Manhetten Cinayət Məhkəməsində ona xüsusilə külli miqdarda oğurluq, mənzilə qanunsuz daxil olma yolu ilə oğurluq və oğurlanmış əmlakı qanunsuz saxlama ittihamları irəli sürülüb. Ştat qanunvericiliyinə əsasən irəli sürülən ittihamlar zorakılıqla bağlı cinayətlər kateqoriyasına aid edilmədiyi üçün məhkəmə onun girovsuz, nəzarət altında azadlığa buraxılmasına qərar verib. Digər üç şübhəli isə hələ də azadlıqdadır.
