Bakı. Trend:
Çinin Kosmos Agentliyi “Çanye-7” zondunun ilin ikinci yarısında Aya göndəriləcəyini açıqlayıb.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, cihaz artıq Haynan adasındakı Vençan buraxılış məntəqəsinə gətirilib. Qarşıdakı aylarda buraxılışqabağı bir neçə test həyata keçiriləcək.
Qeyd edək ki, Çin Yerin təbii peykinin tədqiqinə 2007-ci ildə “Çanye-1” missiyası ilə başlayıb. 2013-cü ildə “Çanye-3” cihazı Ayın səthinə yumşaq eniş edib.
2020-ci ildə “Çanye-5” Ayın yaxın tərəfindən, 2024-cü ildə isə “Çanye-6” Ayın görünməyən tərəfindən süxur nümunələri gətirib. Bu, bəşəriyyət tarixində Ayın görünməyən tərəfindən Yerə ilk dəfə süxur gətirilməsidir.
Çin 2030-cu ilə qədər astronavtlarını Aya göndərməyi hədəfləyib. Bundan başqa, Çin Rusiya ilə birlikdə Beynəlxalq Elmi Ay Stansiyasının yaradılması layihəsini açıqlayıb.
