Bakı.Trend:
Kubanın sabiq rəhbəri Raul Kastroya qarşı ABŞ-da 1996-cı ildə iki Amerika təyyarəsinin vurulması işi üzrə irəli sürülən ittihamlar ona ölüm hökmü və ya ömürlük həbs cəzası təhlükəsi yaradır.
Trend xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin bəyanatında deyilir.
“Sübut olunduğu təqdirdə, təqsirləndirilən şəxsləri ABŞ vətəndaşlarının qətli və onların qətlə yetirilməsi məqsədilə sui-qəsd ittihamları üzrə maksimum cəza – ölüm hökmü və ya ömürlük həbs gözləyir”, – deyə sənəddə bildirilir.
ABŞ Ədliyyə Nazirliyinin versiyasına görə, Kuba agentləri ada dövlətindən olan miqrantların yaratdığı “Hermanos al Rescate” (Xilas naminə qardaşlar) təşkilatına sızaraq onun uçuş planları barədə məlumatları Kuba hakimiyyətinə ötürüblər. Ehtimal edilir ki, həmin məlumatlardan 1996-cı il fevralın 24-də təyyarələrin məhv edilməsi əməliyyatının planlaşdırılması zamanı istifadə olunub.
Həmin gün “Hermanos al Rescate” təşkilatına məxsus üç təyyarə Cənubi Floridadan Kuba istiqamətində havaya qalxıb. Onlardan ikisi beynəlxalq sular üzərində Kuba Hərbi Hava Qüvvələrinin qırıcıları tərəfindən vurulub. Təyyarələrdə olan dörd nəfər həlak olub, onlardan üçü ABŞ vətəndaşı idi.
Həmin dövrdə Raul Kastro Kuba İnqilabi Silahlı Qüvvələrinin naziri olub, O, bu vəzifəni 1959–2008-ci illərdə tutub, daha sonra isə 2018-ci ilədək ada dövlətinə rəhbərlik edib.
