Bakı. Trend:
Belçikada anomal hava şəraiti ilə əlaqədar itki sayı 1222 nəfərə çatıb.
Belçikanın Səhiyyə Naziri Frank Vandenbruk ötən həftə ölkəsində müşahidə olunan istilik dalğası zamanı 112 təcili yardım nömrəsinin "lazımi qaydada fəaliyyət göstərmədiyini" etiraf edib. Bu açıqlama ölkədə ölüm hallarının həddən artıq olması ilə bağlı siyasi müzakirələrin qızışdığı bir vaxta təsadüf edib.
Vandenbruk bildirib ki, xəstəxanalar əvvəlcədən hazırlıqlı vəziyyətə gətirilmiş, qocalar evləri və digər sosial qayğı müəssisələri isə ekstremal istilərlə bağlı öncədən məlumatlandırılmışdı.
"Bu, cəmiyyət üçün problemdir: Yaşlı insanlar, tənha yaşayanlar və sosial cəhətdən həssas təbəqələr bundan daha çox zərər görürlər. Cəmiyyət bu məsələyə reaksiya verməlidir", – deyə nazir bildirib.
Onun sözlərinə görə, belə problemləri yalnız fərmanlar və ya inzibati qərarlarla həll etmək mümkün deyil.
Bununla yanaşı, nazir istlik dalğası zamanı 112 təcili yardım xidmətinin fəaliyyətini tənqid edərək, daxili işlər naziri Bernar Kantedən şəxsən bu məsələ ilə məşğul olmasını xahiş edib.
"İnanıram ki, ötən həftəsonu 112 xidməti lazımi qaydada işləməyib", – deyə Vandenbruk vurğulayıb.
Nazir həmçinin Risklərin İdarə Olunması Qrupundan isti hava dalğasına verilən reaksiyanın qiymətləndirilməsini istəyib və bildirib ki, gələn çərşənbə günü ictimai səhiyyə rəsmiləri ilə bu mövzuda iclas keçiriləcək.
Valon Sosialist Partiyasının sədri Pol Manyet federal hökuməti sərt tənqid edərək onu fəaliyyətsizlikdə ittiham edib.
O, “X” sosial şəbəkəsindəki paylaşımında bildirib ki, "heç bir tədbir görülməyib".
"Vətəndaşlar sözün əsl mənasında öz talelərinin ümidinə buraxılıb, hökumətlər koordinasiyalı fəaliyyət göstərə bilməyib və gələcək üçün də ümidverici heç nə görünmür", – deyə o yazıb.
Digər tərəfdən, Flandriya Yaşıllar Partiyasının lideri Aymen Horç hökumətin hazırlıq səviyyəsini tənqid edərək, həssas obyektlərdə soyutma imkanlarının gücləndirilməsini nəzərdə tutan uzunmüddətli preventiv planın hazırlanmasına çağırıb.
