...

Azərbaycan pandemiya ilə mübarizəyə qlobal müstəvidə mühüm töhfə verir - TƏHLİL

Siyasət Materials 2 Mart 2022 20:41 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Koronavirus pandemiyası hələ də dünya qarşısında duran əsas çağırışlardan biridir. Azərbaycan ilk gündən pandemiya ilə effektiv şəkildə mübarizə aparan ölkələr sırasındadır. Azərbaycan təkcə yerli səviyyədə deyil, beynəlxalq müstəvidə də pandemiya ilə effektiv mübarizəyə mühüm töhfələr verib.

Milli Məclisin deputatı Sevinc Hüseynova Trend-in sualına cavabında bildirib ki, Qoşulmama Hərəkatının və Hərəkatın sədri kimi Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü çoxsaylı təşəbbüslər pandemiya ilə mübarizənin qlobal səviyyədə effektiv təşkili baxımından böyük əhəmiyyətə malikdir.

Deputat qeyd edib ki, bəşəriyyəti cənginə almış COVİD 19 pandemiyasında müəyyən səngimələr olsa da, bu sahədə səmərəli mübarizə aparılsa da, hələ də bəzi ciddi problemlər öz həllini tapmayıb.

“Bu baxımdan, BMT Baş Assambleyasının universal peyvənddirmə üçün səylərin artırılması mövzusunda yüksək səviyyəli tematik müzakirələri xüsusi əhəmiyyət kəsb edir. Həmin tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev həm milli konteks, həm də dünyada ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına daxil olan ölkələr adından video formatda çıxış edib.

Azərbaycan pandemiya ilə mübarizədə dünyada effektiv nəticələri ilə diqqəti cəlb edən qabaqcıl ölkələr sırasındadır. Hətta bəzi inkişaf etmiş ölkələr koronavirus pandemiyasında mübarizədə Azərbaycan təcrübəsini nümunə kimi qəbul ediblər. Digər tərəfdən, Prezident İlham Əliyevin sədrlik etdiyi Qoşulmama Hərəkatı ötən dövrdə qarşılıqlı həmrəylik və əməkdaşlıq ruhunda beynəlxalq ictimaiyyətin səylərini səfərbər edərək pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması baxımından bir sıra uğurlu təşəbbüslər irəli sürüb.

Elə 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasında COVİD 19 pandemiyası ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyanın keçirilməsi, habelə ötən il mart və dekabr aylarında BMT İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamələrin qəbul edilməsi məhz Azərbaycan Prezidenti tərəfindən Qoşulmama hərəkatına üzv dövlətlər adından irəli sürülüb.

Bununla yanaşı, həmrəylik əlaməti olaraq, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardım edib. 5 ölkəyə peyvənd ianəsi edilib və bu iş davam etdiriləcək. Hazırda Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesi davam edir”, - deyə deputat bildirib.

Milli Məclisin deputatı Cavid Osmanov isə Trend-ə açıqlamasında bildirib ki, BMT Baş Assambleyasının “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda keçirilən yüksək səviyyəli tematik müzakirələrdə Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev pandemiya dövründə BMT, Qoşulmama Hərəkatı və Ümumdünya Səhiyyə Təşkilatının yüksək səviyyəli faəliyyətinə ümumi nəzər salıb, Azərbaycan dövlətinin təşəbbüsləri haqqında geniş məlumat verib.

“Pandemiyanın başladığı dövrdən Qoşulmama Hərəkatı multilateralizm, əməkdaşlıq və həmrəylik ruhunda geniş beynəlxalq ictimaiyyətin səylərini fəal şəkildə səfərbər edərək, pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması baxımından bir sıra uğurlu təşəbbüslər irəli sürüb.

2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi, habelə ötən ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr Qoşulmama Hərəkatına üzv dövlətlər adından irəli sürülüb. Pandemiya ilə qlobal mübarizə, onun nəzarət altında saxlanılması və yayılmasının qarşısının alınması, habelə dövlətlərə dəstəyin verilməsi üzrə səylərin əlaqələndirilməsində BMT sisteminin fundamental rolu var. Bu işlərdə Ümumdünya Səhiyyə Təşkilatının isə səyləri əvəzolunmazdır”, - deyə deputat bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həm ölkə miqyasında, həm də beynəlxalq miqyasda COVID-19 pandemiyasına qarşı mübarizə tədbirləri Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilib.

“Ölkə başçısının təşəbbüsləri dünya miqyasında böyük maraqla qarşılanıb və müasir dövrün çağırışlarına tamamilə adekvat olduğu üçün ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilib. Azərbaycan Prezidenti pandemiya dövründə yaranan bir sıra problemləri beynəlxalq tribunalardan dəfələrlə səsləndirib və peyvəndlərin ədalətsiz bölgüsü hallarına qarşı xüsusilə diqqət çəkib.

Azərbaycan pandemiya, “peyvənd millətçiliyi” və peyvəndlərdən istifadə ilə bağlı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında qeyri-bərabərliyə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində vacib qlobal təşəbbüslərlə çıxış edib. BMT Baş Assambleyasının Xüsusi Sessiyası, peyvəndlərdən bərabər və universal istifadənin təmin edilməsinə dair qətnamələr bunun bariz nümunəsidir”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti