Bakı. Trend:
Azərbaycan Silahlı Qüvvələrinin mülki şəxsləri qəsdən hədəfə alması ilə bağlı ittihamlar foto və video dəlillərlə sübut olunduğu kimi əsassız və yalandır.
Trend xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının çıxışı zamanı deyib.
"Antiterror tədbirləri müstəsna olaraq Azərbaycanın suveren ərazisindəki legitim hərbi hədəflərin zərərsizləşdirilməsinə yönəlmişdi. Beləliklə, bu tədbirlər Azərbaycanın BMT Nizamnaməsində təsbit olunmuş suveren özünümüdafiə hüququna tam uyğun idi. Azərbaycan humanitar hüquq normalarına tam uyğun şəkildə hərəkət edərək mülki ş əxslərə və mülki infrastruktura dəyən zərərin qarşısını almaq üçün bütün tədbirləri gördü. Azərbaycan Silahlı Qüvvələrinin mülki şəxsləri qəsdən hədəfə alması ilə bağlı ittihamlar foto və video dəlillərlə sübut olunduğu kimi əsassız və yalandır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi antiterror tədbirlərinin başladığı ilk dəqiqələrdən bir neçə dəfə ictimai bəyanatlar verərək mülki əhalini hərbi obyektlərdən uzaq durmağa çağırmışdır. Oxşar bildirişlər mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə də göndərilmişdir. Bu addım, Ermənistanın tabeliyində olan silahlı birləşmələrin yaşayış məntəqələri daxilində məsuliyyətsizcəsinə hərbi texnika və qurğuları yerləşdirmək ehtimalı nəzərə alınaraq atılmışdır", - deyə o bildirib.
Nazir əlavə edib ki, azərbaycan Silahlı Qüvvələri yalnız
qeyri-qanuni hərbi obyektlərin zərərsizləşdirilməsi
üçün yüksək dəqiqliyə malik döyüş sursatlarından istifadə etməklə
özünü nümunəvi peşəkarlıqla aparıb.
" Bir sıra video görüntülərdən aydın şəkildə göründüyü kimi, Azərbaycan Silahlı Qüvvələri mülki şəxslərə dəyə biləcək yan təsirlərdən yayınmaq üçün yaxınlıqda olan legitim hərbi obyektlərə zərbələr endirməkdən qəsdən çəkinib. Fotolardan göründüyü kimi, əgər məqsəd dinc sakinləri hədəf almaq və ya guya “etnik təmizləmə” aparmaq olsaydı, Azərbaycan Silahlı Qüvvələri başqa cür hərəkət edərdi", - dəyə Ceyhun Bayramov qeyd edib.