...

Latviya Azərbaycan ilə Aİ arasında praktiki əməkdaşlığın inkişafına fəal töhfə verir (ÖZƏL MÜSAHİBƏ)

Siyasət Materials 20 Aprel 2026 10:37 (UTC +04:00)
Latviya Azərbaycan ilə Aİ arasında praktiki əməkdaşlığın inkişafına fəal töhfə verir (ÖZƏL MÜSAHİBƏ)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Latviya Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında praktiki əməkdaşlığın inkişafına fəal şəkildə töhfə verir.

Bunu Latviyanın Xarici İşlər Naziri Bayba Braje Antalya Diplomatiya Forumu çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə bildirib.

Onun sözlərinə görə, Latviya ilə Azərbaycan arasında münasibətlər ənənəvi olaraq yaxın və konstruktiv xarakter daşıyır, yüksək səviyyəli siyasi dialoqu, parlamentlərarası mübadilələri, sahəvi əməkdaşlığı, iqtisadi əlaqələri və insanlararası təmasları əhatə edir.

“Bundan əlavə, 2017-ci ildən etibarən bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib ki, bu da qarşılıqlı etimad və anlayışın yüksək səviyyədə olmasından xəbər verir. Mövcud qeyri-sabit geosiyasi şəraitdə belə strateji münasibətlərin əhəmiyyətini qiymətləndirmək çətindir. Biz BMT Nizamnaməsinin əhəmiyyəti, xüsusilə çoxtərəflilik, beynəlxalq hüquq və qaydalara əsaslanan beynəlxalq nizam prinsipləri, həmçinin müstəqil dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət məsələlərində ortaq mövqeni bölüşürük. Tərəfdaşlığımız həm ikitərəfli qarşılıqlı fəaliyyət, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq zamanı bu prinsipləri birlikdə müdafiə etməyə kömək edir”, – deyə nazir qeyd edib.

Braje həmçinin vurğulayıb ki, Latviyanın hazırda BMT Təhlükəsizlik Şurasında seçilmiş üzv kimi iştirakı BMT Nizamnaməsinin əsas prinsiplərinin dəstəklənməsi üçün əlavə imkanlar yaradır.

“Biz həmçinin Aİ ilə Azərbaycan arasında münasibətlərdə Latviyanın Aİ üzvü kimi daha sıx dialoqun və qarşılıqlı faydalı praktiki əməkdaşlığın inkişafına töhfə verməsi ilə müşayət olunan müsbət dinamikanı alqışlayırıq”, – deyə o əlavə edib.

Ermənistan ilə Azərbaycan arasında sülh prosesində irəliləyişə toxunan Latviya XİN rəhbəri qeyd edib ki, onun ölkəsi 8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə əldə olunmuş razılaşmaları alqışlayır.

“Bu razılaşmalar onilliklər davam edən münaqişənin başa çatdırılması yolunda mühüm irəliləyişdir. Latviya Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesini tam dəstəkləyir və burada hər iki tərəfin davamlı konstruktiv qarşılıqlı fəaliyyətini müşahidə edirik. Latviya hesab edir ki, beynəlxalq ictimaiyyət bu prosesə töhfə verməli və onu dəstəkləməlidir. Yekun sülh müqaviləsinin imzalanması Cənubi Qafqaz regionunda təhlükəsizliyin, sabitliyin və rifahın təmin olunmasına əhəmiyyətli töhfə verəcək, eyni zamanda, o cümlədən əlaqəlilik sahəsində Avropa ilə daha sıx əməkdaşlıq üçün yeni imkanlar açacaq”, – deyə o bildirib.

Latviya xarici işlər naziri Antalya Diplomatiya Forumunda iştirak çərçivəsində əsas məsələlərə də toxunub.

“Əsas mesajım ondan ibarət idi ki, NATO-nun müdafiə və çəkindirmə üzrə 360 dərəcə yanaşmasını qorumaq son dərəcə vacibdir, çünki müxtəlif istiqamətlərdən qaynaqlanan təhlükəsizlik çağırışları və təhdidlər getdikcə daha çox qarşılıqlı əlaqəli olur. Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzü Avropanın müdafiə-sənaye potensialında ciddi boşluqları üzə çıxardı ki, bu da sursat istehsalına, təchizat zəncirlərinə və uzunmüddətli satınalmalara iri həcmli investisiyaları stimullaşdırdı.

Alyansın hərbi və siyasi baxımdan güclü qalması üçün Avropa və Kanada müttəfiqləri kollektiv müdafiəyə daha çox resurs ayırmalı, ciddi imkan və qüvvələr formalaşdırmalıdır. Bu, mövcud təhlükəsizlik mühitinin tələb etdiyi “güc vasitəsilə sülh” yanaşmasıdır və NATO-nun Ankarada keçiriləcək zirvə toplantısına hazırlıq çərçivəsində milli və kollektiv səylərimizi məhz bu yanaşma müəyyən etməlidir”, – deyə o izah edib.

Bayba Braje həmçinin qeyd edib ki, Aİ iqtisadi təhlükəsizlik sahəsində alətlərindən istifadə edə bilər. Bu, Avropa iqtisadi təhlükəsizlik strategiyası və onun “Aİ-nin iqtisadi təhlükəsizliyinin gücləndirilməsi” adlı birgə strategiya vasitəsilə möhkəmləndirilməsi çərçivəsində, xüsusilə kritik asılılıqların azaldılması, iqtisadi məcburetməyə qarşı mübarizə eləcə də ticarət, investisiya nəzarəti və sənaye alətlərinin razılaşdırılması hesabına həyata keçirilə bilər.

“Latviyanın baxışına görə, Aİ-nin iqtisadi təhlükəsizliyi tərəfdaşlıqlar vasitəsilə qurulmalıdır – sərbəst ticarət sazişləri, iqtisadi təhlükəsizlik üzrə dialoqlar, G7 çərçivəsində fəaliyyət və mümkün plurilateral təşəbbüslər. Aİ üçün oxşar mövqeyə malik tərəfdaşlarla sıx əməkdaşlıq mühüm ümumi maraq kəsb edir və bu istiqamətdə artıq ortaq anlayışın formalaşdırılması və iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi üzrə işlər aparılır. Tərəfdaşlıqların dərinləşdirilməsi və qaydalara əsaslanan beynəlxalq nizamın gücləndirilməsi regional böhranların qarşısının alınması və onların sistemli iqtisadi sarsıntılara çevrilməsinin qarşısını almaq üçün həlledici əhəmiyyət daşıyır.

Enerji daşıyıcılarının qiymətlərində dəyişkənlik qeyri-sabitliyin ən sürətli ötürülmə kanallarından biri olaraq qalır. Bu sahədə Aİ artıq müəyyən alətlərə malikdir. Məsələn, “REPowerEU” – Rusiyanın fosil yanacaqlarından asılılıqdan sürətli imtina, “yaşıl enerji"yə keçidin sürətləndirilməsi və enerji səmərəliliyinin artırılmasına yönəlmiş kompleks plandır. Bu təşəbbüs təchizatın şaxələndirilməsi, bazarların sabitləşdirilməsi və qiymət dəyişkənliyinin azaldılmasına hədəflənib”, – deyə o əlavə edib.

Latviya XİN rəhbəri qeyd edib ki, Avropa İttifaqının İrana qarşı müharibənin kəskinləşməsi ilə meydana gələn böhrana reaksiyası böyük ölçüdə əvvəlki enerji asılılığının aradan qaldırılması təcrübəsinə əsaslanır.

“Rusiya enerji resurslarından asılılıq ciddi zəiflikliklər yaratmışdı və onların azaldılması böyük siyasi səylər və əhəmiyyətli iqtisadi xərclər tələb etdi. Bu təcrübə Aİ-nin sürətli reaksiya vermək və koordinasiyalı tədbirlər– o cümlədən birgə qaz satınalmaları, strateji ehtiyatların artırılması və məqsədli bazar müdaxilələri kimi tədbiləri həyata keçirmək qabiliyyətini gücləndirdi.

Eyni zamanda, böhran bir daha onu sübut edir ki, bərpa olunan enerji mənbələrinə uzunmüddətli investisiyalar strateji baxımdan düzgün seçimdir. Aİ üzrə külək, günəş və su enerjisi sürətlə inkişaf edir, nüvə energetikası isə əlavə variant kimi müzakirə predmeti olaraq qalır. Latviya üçün güclü su enerji potensialı mühüm baza rolunu oynasa da, dəyişən şəraitə uyğunlaşmaq üçün enerji balansının şaxələndirilməsi vacibdir.

Baltik ölkələrinin BRELL sistemindən ayrılması bu baxımdan mühüm addım oldu, belə ki, bu ümumavropa enerji şəbəkəsinə inteqrasiyanı sürətləndirdi və enerji resurslarının ən çox tələb olunan istiqamətlərə yönəldilməsi imkanlarını artırmış oldu . Bu səylər həm Avropanın təhlükəsizliyini, həm də qlobal rəqabət qabiliyyətini gücləndirir, eləcə də enerji qiymətlərinin əlçatanlığını artırmağa kömək edir”, – deyə Braje yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti