Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı açıq maliyyə infrastukturlarının inkişafına xüsusi diqqət ayırır.
Trend xəbər verir ki, bunu Azərbaycanın Mərkəzi Bankının sədri Taleh Kazımov Ər-Riyadda Səudiyyə Ərəbistanı Maliyyə Nazirliyi və Beynəlxalq Valyuta Fondunun regional ofisi tərəfindən təşkil olunmuş İnkişaf etməkdə olan ölkələrin bazarları üçün Əl-Ula konfransı çərçivəsində “İnkişaf etməkdə olan ölkələrin maliyyə sisteminin dayanıqlığı” mövzusunda panel diskussiyasında etdiyi çıxışda bildirib.
“Maliyyə inklüzivliyi – bütün dünyada, xüsusilə də inkişaf etməkdə olan bazarlarda, o cümlədən, Azərbaycanda prioritet olan mövzulardan biridir. Bizim ölkədə yetkin əhalinin 70%-nin bank hesabı var ki, bu, qısa müddət ərzində əldə olunmuş əhəmiyyətli nailiyyətdir. Ancaq Mərkəzi Bank üçün, xüsusilə pul-kredit siyasəti və maliyyə sabitliyi sahəsində çağırışlar yaradan müəyyən göstəricilər mövcuddur”.
T.Kazımov bank aktivləri ilə ÜDM nisbətinin 42% təşkil etdiyini diqqətə çatdırıb.
"Bu, bizə onu deyir ki, bank xidmətləri iqtisadiyyatı lazımınca əhatə etmir. Eyni zamanda, bu, böyük artım potensialının olmasını göstərir. Bank sektoru bütövlükdə maliyyə sisteminin təxminən 95%-ni əhatə edir. Pul-kredit siyasətinin başqa bir çağırışı geniş pul kütlələrində (M2) nağd pulların payıdır (M0) ki, bu da 43% təşkil edir. Bu, o anlama gəlir ki, dövriyyədə əhəmiyyətli miqdarda nağd vəsait qalmaqdadır”, - deyə AMB sədri bildirib.
O, Azərbaycan Mərkəzi Bankının təklifin inkişafına və nizamlanmanın təkmilləşdirilməsinə xüsusi diqqət ayırdığını vurğulayıb.
“İkincisi, biz infrastrukturun inkişafı üzərində işləyirik. Ölkədə artıq ani ödəniş və açıq bankinq sistemləri tətbiq olunur. Azərbaycanın Mərkəzi Bankı bank, sığorta və fond bazarlarının, ödəniş sistemlərinin nəzarəti və nizamlanmasına, həmçinin, fintex sektorunun inkişafına cavabdehdir. Bu mandat çərçivəsində biz əsas diqqəti açıq bankinq, açıq sığorta, kapital bazarları və fintexi bütün bazar iştirakçılar üçün əlçatan edəcək açıq maliyyə infrastrukturunun yaradılmasına yönəltmişik.
Bizim əsas infrastruktur layihələrimizdən biri – bu ildən etibarən tətbiq olunan eKYC (müştərinin elektron identifikasiyası) həllidir. Bu xüsusilə fintex - startaplar üçün maliyyə sektoruna çıxışı sadələşdirəcək. Təkliflə yanaşı, biz maliyyə məlumatlılığının artırılması istiqamətində hədəf proqramları həyata keçirməklə bu istiqamətdə (aktiv) işlər aparırıq”, - deyə T.Kazımov bildirib.
O, Azərbaycanın artıq yeddi il ərzində sabit valyuta rejimini qoruyub saxladığını diqqətə çatdırıb.
"2022-ci ilin sentyabrında biz yenilənmiş əməliyyat çərçivəsi ilə tamamilə yeni pul-kredit siyasətini işə saldıq. 2024-cü ildə unikal fərdi müddətli əmanətlər üzrə 43%-lik artıma nail olduq – bu, bir il ərzində qeydə alınan ciddi sıçrayışdır. Bu artım maliyyə sektorunun passiv tərəfində rəqabətin gücləndirilməsi ilə əlaqədardır.
Bundan başqa, məcburi sığorta sistemini yeniləyərək, qəza sığortası seqmentində 100% əhatə dairəsinə nail olmuşuq. Sığorta xidmətlərinin əlçatanlığını artırmaq üçün aktiv şəkildə rəqəmsal kanallardan istifadə edirik. Xüsusilə Məsuliyyətin İcbari Sığortası baxımından yüz faizlik əhatəyə nail olmuşuq. Bu il biz daşınmaz əmlakın məcburi sığortası üzrə analoji strategiyanı həyata keçirmək , o cümlədən, fəlakət risklərini əhatə edən yeni məhsullar təqdim etmək niyyətindəyik", – deyə Taleh Kazımov qeyd edib.