Bakı. Trend:
Azərbaycanda fəaliyyət göstərən aparıcı qızıl, mis və gümüş istehsalçısı “Anglo Asian Mining PLC” öz törəmə şirkəti olan “Azerbaijan International Mining Company” (AIMC) ilə bağlı yeni kadr təyinatları barədə məlumat yayıb.
Trend bu barədə şirkətə istinadən xəbər verir.
“Bu kadr dəyişiklikləri “Anglo Asian” şirkətinin orta müddətli inkişaf və transformasiya strategiyası çərçivəsində menecment resurslarını gücləndirmək və səriştəni artırmaq məqsədi daşıyır”, – şirkətin açıqlamasında bildirilir.
Beləliklə, şirkət Dominiл O’Haranın mədənçilik üzrə direktor vəzifəsinə təyin edildiyini açıqlayıb. 13 illik dağ-mədən sənayesi təcrübəsinə malik Şon Lafam isə geologiya üzrə direktor kimi şirkətə qoşulub.
Yeni təyin olunmuş hasilat planlaması üzrə baş mühəndis Sergey Reznik Şimali Amerika, Avropa, Mərkəzi Asiya və Yaxın Şərqdəki açıq və yeraltı mədənlərdə 15 ildən artıq təcrübəyə malikdir. Bundan əlavə, Əfqan İmamlı və Fuad Sulxayev müvafiq olaraq “Dəmirli” və “Gədəbəy” yataqlarının sahə rəisi vəzifələrinə təyin olunublar.
“Bu təyinatlar şirkətin orta müddətli strategiyasının – “Anglo Asian”ın əsasən mis hasilatına yönəlmiş, çoxaktivli orta səviyyəli istehsalçıya çevrilməsi planlarının icrası, icraçı komandanın dəstəklənməsi və idarəetmə potensialı ilə ekspertizasının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə şirkətdən bildirilib.